Press "Enter" to skip to content

Nazir Xaçmazda mədəniyyət işçiləri ilə görüşüb

Son yeniləmə: 16 Aprel 2022 11:00

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov Xaçmaz rayonuna səfər edib. Nazir səfər çərçivəsində aprelin 15-də Xaçmaz rayon Heydər Əliyev Mərkəzinə baxış keçirib, müəssisənin fəaliyyəti barədə ətraflı məlumat alıb.

Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən məlaumat verilib.

Məlumata əsasən 2005-ci ildə muzey kimi fəaliyyətə başlayan mərkəz 2016-cı ildən müasir və qədim Şərq memarlığı üslubunda tikilmiş yeni binada fəaliyyətini davam etdirir. Hazırda mərkəzin fondunda 700-dən artıq eksponat qorunur.

Sonra A.Kərimov Heydər Əliyev Mərkəzində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və nazirliyin məsul əməkdaşları da iştirak edib.

Nazir bildirib ki, Xaçmaz rayonuna səfərinin əsas məqsədi vətəndaşların müraciətlərini dinləməklə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaq və həmin şəxsləri nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməkdir.

Görüş zamanı regionun mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib. A.Kərimov bölgələrdə sahənin rəqəmsallaşdırılması ilə bağlı işlərin aparılmasının, mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının vacibliyini diqqətə çatdırıb.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Mission News Theme by Compete Themes.