Son yeniləmə: 16 Aprel 2022 12:13
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Yay Təcrübə Proqramı ilə bağlı regionlarda yerləşən ali təhsil müəssisələrində məlumatlandırıcı görüşlər keçirilib. Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetində “Karyera Günləri” çərçivəsində tələbələrlə görüşüblər.
Bu barədə bayraqdar.info-ya aprelin 16-da Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşlərdə iştirak edən Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin və Tədris Mərkəzinin rəhbər vəzifəli şəxsləri tərəfindən Yay Təcrübə Proqramının məqsədləri barədə regionlarda təhsil alan ali təhsil məktəblərinin tələbələrinə məlumat verilib. Proqramın onlar üçün xüsusi əhəmiyyəti vurğulanıb.
Belə ki, Proqramda iştirak edəcək tələbələr dövlət vergi orqanlarının işi ilə yaxından tanış olaraq vergi sahəsində nəzəri və praktiki biliklərinin artırılması imkanı əldə edəcəklər. Bu da öz növbəsində, tələbələrin peşəkar kadr kimi formalaşdırılmasına mühüm bir dəstək, o cümlədən rayonlarda təhsil alan tələbələrin ölkənin vergi orqanlarında çalışmaq istəyi üçün motivasiya və regionlarda məşğulluq məsələlərinə ciddi töhfə verəcək.
Görüşlər zamanı Dövlət Vergi Xidmətinin əməkdaşları ölkənin vergi sistemi, onun strukturu, dövlət vergi orqanlarına işə qəbul prosesi, Yay Təcrübə Proqramında iştirak şərtləri, müraciət forması və s. məsələlərlə bağlı tələbələri məlumatlandırıblar.
Görüşlərin yekununda tələbələrə maarifləndirici materiallar paylanılıb, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Bir çox tələbələr Yay Təcrübə Proqramına maraq nümayiş etdirib, bu proqramın onların gələcəyi üçün yaxşı imkan yaratdığını qeyd ediblər.
Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramı barədə bu link vasitəsilə ətraflı məlumat əldə etmək olar.