Son yeniləmə: 15 Aprel 2022 15:00
Bayraqdar.info – Başın dərisində olan hər bir saçın ömrü orta hesabla 3-4 il olur. Hesab edilir ki, bir gün ərzində tökülən saçların sayı 50-100 sayda olur. Buna görə də saçların daimi olaraq tökülməsi tam normal və təbii olan bir prosesdir.
Əgər siz öz saçlarınızla kifayət qədər ehtiyatla davranırsınızsa, tökülən saçlar əsasən, qocalmış, ölmüş, tökülmək üçün nəzərdə tutulmuş saçlar olur. Saçların tökülməsi, adətən, yaz və payız aylarında artır, eyni zamanda yeni tüklər də inkişaf etməyə başlayır – onların bu dövrlərdə inkişaf etməsi qış və yay fəsillərinə nisbətən daha sürətli olur.
Əgər saçlarınızın get-gedə daha sürətlə tökülməsini müşahidə etsəniz, mütləq həkim-trixoloqa (saçlar üzrə mütəxəssis) müraciət etməlisiniz. Saçların tökülməsinin səbəbi hər hansı bir daxili orqanın xəstəliyi də ola bilər. Bu halda sizə digər mütəxəssislərin məsləhəti lazım olacaq.
Saçların tökülməsi ilə bağlı bayraqdar.info-ya həkim mütəxəssis Mir-Riad Cavadzadə danışıb.
Həkimin bildirdiyinə görə, dəri insanın ən böyük və eyni zamanda ən həssas orqanıdır. Ürək, qaraciyər və mədə kimi mürəkkəb bir quruluşa malikdir və həyati vacib funksiyaları yerinə yetirir. Təsadüfi deyil ki, dəri bir çox orqana (saç, dırnaq, selikli qişaların vəziyyətinə) müəyyən bir şəkildə təsir edir. Məsələn, qaraciyər xəstəlikləri halında dəri sarımtıl rəngə çevrilir, qızılca, məxmərək, suçiçəyi kimi ümumi viral xəstəliklər olan təqdirdə dəri səpgilərlə örtülür. Bundan əlavə, uzun müddət olan furunkulyoz diabetin inkişafını göstərə bilər və s.
Daxili (endogen) amillər bir çox dəri xəstəliklərinin (metabolik xəstəliklər, daxili orqanların, sinir sisteminin xəstəlikləri, hipo- və hipervitaminoz (orqanizmdə müəyyən vitamin çatışmazlığı) və s.) əmələ gəlməsində böyük rol oynayır.
Bu amillər dərinin funksionallığının və quruluşunun dəyişməsinin səbəbi ola bilər. Dəri xəstəlikləri tez-tez baş verir və hər yaşda görünə bilər. Ən çox qarşılaşdığımız dəri xəstəliklərinə akne (piy vəzlərinin tıxanması nəticəsində yaranan uzunmüddətli iltihablı dəri xəstəliyi), atopik dermatit (xronik qaşıntılı iltihabi dəri xəstəliyi), övrə (dərinin allergik mənşəli xroniki xəstəliyi) və s. aiddir.
“Dəri xəstəliklərindən əziyyət çəkən insanlar fiziki narahatlıq hiss edirlər, təsirlənmiş əraziləri sıx paltar altında gizlədirlər və ya çatışmazlıqları gizlətmək üçün kosmetikadan istifadə edirlər. Xoşbəxtlikdən, müasir dermatologiya dəri xəstəlikləri ilə uğurla mübarizə aparır.
“Saç tökülməsi və dırnaqların qırılmasının səbəbləri çoxdur. Qeyri-sağlam qidalanma, stres və psixo-emosional zərbələr, doğuşdan sonrakı dövrlərdə qadınların orqanizminin zəifləməsi, yanlış pəhrizlər, vitamin, zülal və mikroelementlərin çatışmazlığını ilkin səbəb kimi qeyd edə bilərik. Həmçinin antibiotiklərin həkim məsləhəti olmadan qəbulu saç və dırnaqların kök sisteminin zəifləməsinə səbəb ola bilər. Bundan başqa, bədənin daxilində iltihablı proseslər, immunitetin zəifləməsi, hormonal dəyişikliklər yalnız saç, dəri, dırnaqların vəziyyətinə deyil, ümumiyyətlə bütün orqanizmə mənfi təsir göstərir”, – deyə həkim bildirir.
M-R.Cavadzadənin sözlərinə görə, payızda, qışda və yazda müxtəlif xroniki dəri xəstəliklərinin (atopik dermatit, ekzema, neyrodermit, psoriaz, herpes, övrə və s.) kəskinləşməsi müşahidə oluna bilər. Yaz aylarında günəşin və dənizin faydalı təsiri sayəsində bu xəstəliklər heç bir narahatlığa səbəb ola bilməz. Lakin payız-qış fəslində dermatozların mövsümi kəskinləşməsi başlayır: “Neyrodermatoz bir qrup dermatozlardır, sinir sistemindəki dəyişikliklərin patogenezlərində əhəmiyyətli bir rol oynayır. Qaşınan səpkilər və nevrotik pozğunluqlar ilə xarakterizə olunur.
“Demək olar ki, orqanizmdə müəyyən vitamin çatışmazlığı zamanı dəridə, dırnaqlarda, saçlarda və selikli qışalarda dəyişikliklər müşayiət olunur. Dermatovenerologiyada vitaminlər və onların müxtəlif kompleksləri, xəstəliklərin müalicəsinə tətbiq olunan dərmanlar etiopatogenetik amillər və bədən arasındakı əlaqəni dəyişdirən qeyri-spesifik immunomodulyasiya terapiya üçün istifadə olunur. Məsələn, B qrup vitaminlərin (B1-B6, B9 və B12) çatışmazlığı ekzema, psoriaz, neyrodermit, cüzam, seboreya, atopik dermatit və s.; C vitaminin çatışmazlığı allergik dermatozlar, xroniki atrofik akrodermatit və s.; A vitaminin çatışmazlığı akne, psoriaz, saçların və dirnaqlarin distrofiyası və s.; D vitaminin çatışmazlığı dəri vərəmi, psoriaz və s.; E vitaminin çatışmazlığı isə ixtioz, dermatomiozit, seboreya və s. kimi dəri xəstəliklərini yarada bilər”.
M-R.Cavadzadə qeyd edir ki, uşaqlarda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiligo xəstəliyidir. Elmdə vitiligo, el arasında ala xəstəliyi adlandırılan bu xəstəlik avtoimmun dəri patologiyasıdır. Bu pozğunluqlar melanositlərin – piqment hüceyrələrinin – lezyon mərkəzlərində məhv olunması və ya kəskin azalması səbəbindən yaranır. Xəstəlik hər yaşda görülə bilər. 50 faiz hallarda xəstəlik 20 yaşadək, xəstələrin üçdə birində – 12 yaşa qədər müşahidə olunur. Bundan əlavə, yaş artdıqca xəstəliyin yayılması tədricən artır.
“Vitiligo ən çox qadınlarda rast gəlinir. Buna səbəb keyfiyyətsiz kosmetik məhsullardan istifadədir. 15-20 faiz hallarda vitiligo ailənin üzvlərində baş verir. Belə ki, valideynlər və uşaqlar arasında yayılması 7 faiz, eyni əkizlər arasında isə 23 faiz təşkil edir. Bu xəstəliyin inkişafında genlərin rolu birmənalıdır. Vitiligonun müalicəsində sistemli, yerli, foto və lazer terapiya aparılır. Vitiligonun inkişafını dayandırmaq üçün stresdən uzaq olmaq, dəriyə xəsarət yetirməmək və günəşli havada təsirlənmiş dərini qorumaq məsləhətdir.
“Ocaqlı dazlıq və ya ocaqlı aloepsiya tala-tala saç tökülməsi ilə müşahidə olunan xroniki saç xəstəliyidir. Elmi adı “aloepcia areata” olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyələrində də tük tökülməsinə səbəb olur. Bir qayda olaraq, tam sağlamlıq fonunda kortəbii olaraq ortaya çıxır. Xəstəlik hər iki cinsdə eyni faizdə olur.
“Qeyd edim ki, ocaqlı aloepsiya əksər hallarda streslə əlaqədardır. Mütəxəssislər saçların qeyri-kafi həcmi və onların tökülməsinin əsas səbəbi kimi hormonal dəyişikliklər, ümumi xəstəliklər, yaş və ya dərmanların qəbulu yox, stresi əsas amil kimi qəbul edirlər”, – deyə həkim qeyd edib.