Press "Enter" to skip to content

Ne mutlu garibanların sofrasında yer alanlara

Son yeniləmə: 15 Aprel 2022 18:06

Eskişehirli ziyalıdan xeyirxah təşəbbüs

Bayraqdar.info – Hazırda müqəddəs Ramazan ayının 14-cü günündəyik. Məlum olduğu kimi, hər il Ramazan ayında oruc tutulur, kimsəsizlər, həmçinin aztəminatlı ailələrə yardımlar edilir. Ramazanın bir başqa özəlliyi də hər gün axşam təşkil edilən iftar süfrələridir.

Bu ay ərzində ayrı-ayrı insanlar, yaxud təşkilatlar kasıb təbəqə üçün iftar mərasimləri təşkil edir, yaxud evlərə iftar yeməkləri aparırlar. Qardaş Türkiyənin Eskişehir şəhərinin dəyərli ziyalılarından olan, Türk Dünyası Platformu və Turan Dünyası Eğitim ve Kültür Derneğinin başqanı, saytımızın dostu Oral Büyüksarı da hər il olduğu kimi bu il də Ramazan boyu xeyirxah addımlar atmaqdadır.

Dünyada ilk olan Çingiz Ayıtmatov muzey-kafesinin də yaradıcısı olan O.Büyüksarı maraqlı bir təşəbbüslə çıxış edib. “Ne mutlu garibanların sofrasında yer alanlara” şüarı ilə aksiyaya başlayan O.Büyüksarı Eskişehirin ictimaiyyət nümayəndələrinə, həmçinin özəl və dövlət qurumlarına müraciət edib.

Müraciətdə bildirilib ki, Odunpazarı və Terebaşında muxtarlıqlarla birlikdə hər gün ümumilikdə 150 nəfərə iftar yeməkləri çatdırılır. O da vurğulanır ki, hər adam başına 3 qab yemək üçün 25 lirə, ətli menyu üçün isə 30 lirə tələb olunur. Yəni imkanı olan şəxslər bu məbləği əsas götürərək gündəlik, yaxud ay ərzində bir neçə dəfə imkansız insanlar üçün iftar menyusunun hazırlanmasına dəstək ola bilər.

Onu da qeyd edək ki, bu, O.Büyüksarının Ramazan ayında həyata keçirdiyi yeganə aksiya deyil. Hər il olduğu kimi bu il də Oral bəyin ev sahibliyi ilə Çingiz Aytmatov muzey-kafesində Eskişehirdə təhsil alan türk dünyasından olan tələbələrə iftar süfrələri açılır. Bayraqdar.info-ya açıqlamasında O.Büyüksarı bu cür iftar mərasimlərinin Ramazan boyu davam edəcəyini bildirib.

Nəhayət bildirmək yerinə düşər ki, O.Büyüksarı həm də “Polis haber” qəzetinin Eskişehir bölgə təmsilçisidir. Bu il onun təşəbbüsü ilə Polis günündə Eskişehirdəki şəhid polislərin ailələri və qazi polislər üçün iftar mərasimi təşkil edilib. Bədii proqramla da müşayiət olunan mərasimdə əslən Moldovadan olan müğənni Leonida Timuşun ifasında türkülər, qəzetçi-yazar Caner Şahinin ifasında isə vətənpərvərlik şeirləri səsləndirilib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.