Son yeniləmə: 15 Aprel 2022 16:39
Bayraqdar.info – Prezident İlham Əliyev aprelin 15-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlət başçısı ölkələr arasında əlaqələrin siyasi, iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi.
Prezident İ.Əliyev bu yaxınlarda Abu-Dabinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanla telefon danışığını xatırladaraq həmin söhbət zamanı əməkdaşlığımızın daha da genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyinin qeyd olunduğunu bildirdi.
“Bu ilin mart ayında BƏƏ-nin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimini xatırladan dövlətimizin başçısı həmin layihənin gələn ilin sonuna yaxın işə düşəcəyinə ümidvarlığını ifadə etdi. Prezident İ.Əliyev bu layihənin icrasını qarşılıqlı maraqların və imkanların təmin edilməsinin yaxşı nümunəsi kimi dəyərləndirdi.
“Dövlət başçısı bildirdi ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu nəzərə alınaraq birgə müəssisələrin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və digər müxtəlif layihələrdə iştirakın da daxil olduğu gələcək birgə iqtisadi gündəliyin reallaşdırılması mövcud potensialın maksimum dərəcədə təmin edilməsi işinə xidmət edə bilər.
“Prezident İ.Əliyev S.Ə.Ə.Caberin Azərbaycana səfərinin uğurlu və səmərəli keçəcəyinə ümidvar olduğunu dedi.
“Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin Rəşid Al Maktumun və Abu-Dabinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanın salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.
“Prezident İ.Əliyev salamlara və xoş arzulara görə minnətdarlığını bildirdi, onun da salamlarını Məhəmməd bin Rəşid Al Maktuma və Məhəmməd bin Zayed Əl Nahyana çatdırmağı xahiş etdi.
“Qonaq vurğuladı ki, M.Z.Ə.Nahyan ölkələr arasında münasibətlərdə əldə edilmiş inkişafı yüksək qiymətləndirir, bu əlaqələrin önəmini xüsusi qeyd edir və tərəfdaşlığımızın daha da gücləndirilməsi əzmindədir”. Məlumatda belə deyilir.