Press "Enter" to skip to content

Azərbaycanla Fələstin arasında uğurlu əməkdaşlıq mövcuddur

Son yeniləmə: 15 Aprel 2022 17:44

Bayraqdar.info – Azərbaycan ilə Fələstin arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, aprelin 15-də bu tədbir və sərgi keçirilib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev 15 aprel 1992-ci il tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının tariximizdə əlamətdar bir hadisə olduğunu qeyd edib. O, Fələstinin Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra onunla diplomatik münasibətlər quran ilk ölkələrdən biri olmasının dostluq və həmrəylik nümunəsi sərgilədiyini bildirib.

Azərbaycanın Fələstin ilə münasibətlərə önəm verdiyini qeyd edən F.Rzayev, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Nazir müavini, möhkəm həmrəyliyə əsaslanan Azərbaycan-Fələstin münasibətlərinin bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə uğurla inkişaf edəcəyinə dair inam ifadə edib.

Daha sonra çıxış edən Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim mədəni və dini dəyərlərlər bir-birinə bağlı olan Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olması münasibətilə təbriklərini çatdırıb. Səfir, bu illər ərzində iki ölkə arasında münasibətlərin həmrəylik, dostluq və qarşılıqlı hörmət prinsipləri çərçivəsində uğurla inkişaf etdiyini bildirib.

Fələstin Dövlətinin Azərbaycan Respublikasının suverenlik və ərazi bütövlüyünə dəstəyi bir daha vurğulanıb. Nəssir Əbdül Kərim Əbdül Rəhim, Azərbaycan və Fələstinin ikitərəfli format ilə yanaşı, həm də bir sıra beynəlxalq təşkilatlar o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq etdiyini məmnunluqla qeyd edib. Səfir, hər iki dövlətə və xalqa sülh, əmin-amanlıq, rifah arzulayıb və müqəddəs Ramazan ayı münasibətilə xoş arzularını səsləndirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.

Mission News Theme by Compete Themes.