Press "Enter" to skip to content

Azad edilmiş torpaqların bərpası üçün böyük həcmdə vəsait var

Millət vəkili Musa Quliyev

Son yeniləmə: 15 Aprel 2022 10:37

Bayraqdar.info – “2022-ci ildə bizim qarşımızda olduqca böyük vəzifələr durur. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ilə bağlı büdcədən 2 milyard 200 milyon manat vəsait ayrılıb. Birinci rübdə bunun yalnız 300 milyon manatı xərclənib. Deməli, qarşıda daha böyük işlər durur”.

Bu sözləri bayraqdar.info-ya millət vəkili Musa Quliyev Prezident İlham Əliyevin aprelin 12-də keçirdiyi müşavirədəki fikirlərini şərh edərkən bildirib.

“2022-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev görülən işlərə qiymət verdi, qarşıda duran vəzifələri hökumətə bəyan etdi və xalqa da geniş məlumat verdi. Prezident 2022-ci ilin birinci rübünün iqtisadi göstəricilərini təhlil edərək bunu çox müsbət bir dinamika adlandırdı. Xüsusilə post-karantin, post-pandemiya dövründə ötən illə müqayisədə xeyli irəliləyişin əldə edildiyini, ümumdaxili məhsulun 6.8 faiz artdığını, qeyri-neft sektorunda artımın 10 faizdən, qeyri-neft sənayesində isə 18 faizdən çox olduğunu qeyd etdi.

“Eyni zamanda, Prezident xarici ticarət balansının müsbət saldoda olduğunu və 1-ci rübdə 5.1 milyard manat Azərbaycanın əlavə müsbət saldosu olduğunu bildirdi. Bununla yanaşı, Azərbaycanın xarici borcunun 18 faizdən 12,5 faizə qədər azalması da bizim iaqtisadiyyatımızın gücünün göstəricisidir”, – deyə o, bildirib.

Deputatın sözlərinə görə, həm vergi, həm də gömrük orqanları tərəfindən büdcəyə yığılan vəsaitin məbləği artıb.

M.Quliyev qeyd edir ki, Prezident bu müşavirədə post-müharibə dövründə görülən işlərə xüsusi diqqət yönəldib.

“Ötən illər ərzində bizim əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, təhlükəsiz vəziyyətə gətirilməsi və əsas infrastruktur layihələrinin hazırlanması idi ki, biz bu işləri böyük müvəfəqiyyətlə yerinə yetirdik. Bununla yanaşı məqsəd mövcud reallığı dünya birliyinə çatdırmaq və qəbul etdirmək idi. Yəni, münaqişə bitib, Dağlıq Qarabağ deyilən bir məfhum yoxdur və Azərbaycan bu münaqişəni özü həll edib. Bundan sonrakı dövr isə sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistan və Azərbaycan arasında böyük sülh müqaviləsinin imzalanması, nəqliyyat koridorlarının açılması və bütövlükdə götürüləndə 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər dünya birliyinin diqqətinə çatdırılıb”.

“Prezident bu işlərin də istiqamətini və həcmini vətəndaşlarımızın diqqətinə çatdırdı. İlk növbədə biz Baş Planı hazırlanmayan rayon mərkəzlərinin Baş Planını hazırlayacağıq. Zəngilanın Ağalı kəndində artıq “Ağıllı kənd” layihəsi tamamilə başa çatıb və yəqin ki, bu il ora ilk məcburi köçkünlərin qayıtmasını da biz qeyd edəcəyik. Eyni zamanda, bu il Zəngilanda hava limanının açılışı da nəzərdə tutulur. Bu da çox böyük hərbi, siyasi və iqtisadi əhəmiyyət daşıyan bir məsələdir”, – deyə deputat M.Quiyev vurğulayıb.

Onun sözlərinə görə, müşavirədə səslənən yolların çəkilməsi, körpülərin salınması, nəqliyyat-kommunikasiya xətlərinin genişlənməsi ilə bağlı səslənən fikirlər bu ilin qarşıda duran çox ciddi məsələlərindəndir.

Millət vəkili bildirir ki, ermənilər Qarabağda və Şərqi Zəngəzurda çaylar üzərindəki 30-dan çox kiçik su elektrik stansiyasının hamısını dağıtmışdılar. Bunların bərpası qarşıda duran məsələlərdəndir. Həmçinin, günəş və külək su elekrtik stansiyalarının qurulması ekoloji təmiz enerjinin alınması üçün də vacib şərtlərdən biri olacaq.

“Qarabağda və Şərqi Zəngəzurda otellər, məktəblər, xəsrəxanalar və digər sosial obyektlərin tikilməsi və sənaye parklarının qurulması qarşıda duran vəzifələrdəndir və bunların da öhdəsindən biz böyük uğurla gələcəyik.

“Prezident eyni zamanda İran üzərindən Zəngilanla Naxçıvanı birləşdirəcək körpülərin salınması, dəmiryolu və quru yolunun çəkilməsi layihələrini də yüksək qiymətləndirdi. Bununla yanaşı Zəngəzurun Mehri rayonundan keçərək ikinci bir alternativ Zəngəzur dəhlizinin açılmasının da vacibliyini söylədi. O dedi ki, ermənilər nə qədər tez ağıllarını başlarına yığıb bu layihəni icra edərlərsə, bu, onların öz xeyirlərinə olacaq.

“Şübhəsiz ki, su ehtiyatlarının səmərəli istifadəsi də diqqətdən kənarda qalmadı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində Azərbaycanın böyük, şirin su potensialı var. Orada bizim böyük çaylarımız var, həmin çaylar üzərində su elektrik stansiyalarının qurulması, suvarma kanallarının çəkilməsi, eyni zamanda, böyük su hövzələrinin yaradılması qarşıda duran vəzifələrdəndir və yəqin ki, biz bu il bu işlərin öhdəsindən gələcəyik.

“Bütövlükdə, Prezident İ.Əliyev indiyə qədər görülən işləri müsbət qiymətləndirdi, hökumət üzvləri qarşısında  vəzifələr qoydu və bu il bizi böyük perspektivlər və uğurlar gözləyir”, – deyə deputat fikirlərini belə bitirib.

Mission News Theme by Compete Themes.