Son yeniləmə: 15 Aprel 2022 10:22
Bayraqdar.info – “Ağstafa rayonunda meliorativ tədbirlər davam edir”.
Bunu bayraqdar.info-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.
Qeyd olunub ki, Ağstafa Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma mövsümünə hazırlıq məqsədilə hazırkı vaxta kimi 25 ədəd subartezian quyusunda cari təmir işləri aparılıb: “Onların nasaz mühərriklərinin sarğısı yenisi ilə əvəz olunub, nasos hissəsində aşınmaya məruz qalmış hissələri yenisi ilə əvəzlənib. İdarə bu il su istifadəçilərinin əkin sahələrini suvarma suyu ilə daha yaxşı təmin edilməsi məqsədilə böyük tədbirlər planının da həyata keçirilməsini nəzərdə tutub. Uzun müddət istismar olunmuş Qıraq Kəsəmən nasos stansiyasında əsaslı təmir işləri aparılmaqla müasir tələblərə çavab verən nasos stansiyanın quraşdırılması, 2021-ci ildə beton üzlük qoyulmaqla təmir edilən Poylu arxında işlərin davam etdirməklə əlavə 1,2 kilometr beton üzlük qoyulması və 2 ədəd fəaliyyəti tam dayanmış subartezian quyusunun yenidən əsaslı təmir edilərək istismara verilməsi də planlaşdırılıb”.
Bildirilib ki, Ağstafa Suvarma Sistemləri İdarəsi Ağstafa rayonunu 21050 hektar suvarılan əkin sahəsinin suvarma suyu ilə təminatına xidmət edir. Bu 2021-ci illə müqayisədə əlavə torpaq sahələrinin əkinə cəlb edilməsi sayəsində 1543 hektar çoxdur. “Suvarmada rayon üzrə 4 mənbədən istifadə edilir. Bunlar Ağstafaçay su anbarı, Həsənsu çayı, Ağ Göl su anbarı, subartezian quyuları və yerli əhəmiyyətli qaynama sulardır. Eyni zamanda suvarmanın yaxışlaşdırılması məqsədilə 3 ədəd nasos stansiyanın gücündən istifadə edilir. Suvarma suyunu su istehlakçılarına ümümilikdə 825 km üzunliğunda magistral, təsərrüfatlar arası və təsərrüfatdaxili kanallar vasitəsilə çatdırılır. Suvarma mövsümünə hazırlıq məqsədilə suvarma kanallarında təmizlik işlərinə başlanılıb. Maşın və mexanizmlərlə hazırkı vaxta kimi 65 km məsafədə kanallar və arxalar lildən təmizlənib, 120 kub metr əl ilə lildən təmizləmə və 35000 kvadrat metr kol kosdan təmizləmə işləri aparılıb. Hidrotexniki qurqulara baxış keçirilib, təmirə ehtiyac olan hissələrində cari təmir işləri aparılıb”, – deyə əlavə edilib.
Vurğulanıb ki, nasos stansiyaları da mövsümə hazır vəziyyətə gətirilib.
O da qeyd edilib ki, sərhəd kəndi olan Tatlı kəndində əkin sahələrinin və əhalinin suya olan təlabatını ödəmək üçün Həsənsu çayının məcrasında yer altı suların toplanaraq nasos vasitəsilə çatdırılması üçün yeni nasos stansiyanın tikintisi nəzərdə tutulub.