Press "Enter" to skip to content

Xaricdən sifarişlə qurulan partiyalar erasına son verilir

Güngör Yavuzaslan

Son yeniləmə: 14 Aprel 2022 15:16

Güngör Yavuzaslan: Hər hansı partiyanın seçkilərdə iştirak edə bilməsi üçün seçkidən 6 ay öncə Türkiyənin ən azı 41 vilayətində təşkilatlanması şərt olacaq

Bayraqdar.info – “Yeni seçki qanunu hər şeydən öncə 10 faizlik həddin 7 faizə düşməsini özündə əks etdirir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında qardaş Türkiyənin tanınmış köşə yazarı, Türkçe Konuşan Ülkeler Uluslararası Gazeteciler Derneğinin genel başqanı Güngör Yavuzaslan deyib.

Türkiyədəki yeni seçki qanununu (“Milletvekili Seçimi Kanunu ile Bazı Kanunlarda Değişiklik Yapılmasına Dair Kanun”) bayraqdar.info üçün dəyərləndirən G.Yavuzaslan bildirib ki, qanunun digər bir önəmli cəhəti seçkidə iştirakla bağlı bir şərtin artıq aradan qaldırılması ilə bağlıdır: “Yəni bundan öncəki qanuna görə, yalnız parlamentdə qrupu olan partiyalar növbəti seçkilərdə iştirak edə bilirdi. İndi bu tələb aradan qalxır. Əvəzində isə seçkidə iştirak etmək üçün partiyaların yerli təşkilatlarının yaradılması və qurultaylarının keçirilməsi əsas olacaq. Yəni hər hansı partiyanın seçkilərdə iştirak edə bilməsi üçün seçkidən ən azı 6 ay öncə Türkiyənin ən azı 41 vilayətində təşkilatlanması şərt olacaq”.

Onun sözlərinə görə, qanun eyni zamanda seçki ittifaqları məsələsinə də yeni yanaşma gətirir: “Qanuna əsasən artıq seçki ittifaqı içində olan partiyaların hər birinin səsləri tək-tək sayılacaq və onlar aldıqları səsə görə mandat əldə edəcəklər. Seçki ittifaqı quran partiyaların hər birinin alacağı mandat sayının hesablanması zamanı onların seçki bölgələrində topladıqları səs faizləri nəzərə alınacaq. Başqa sözlə, partiyanın deputatlarının sayı birbaşa həmin partiyanın seçki dairəsi üzrə aldığı səslərin sayına görə müəyyənləşəcək. Beləliklə, hər hansı seçki ittifaqında təmsil olunmaq partiyalara yalnız 7 faizlik seçki həddini keçməkdə yardım ola bilər. Başqa hallarda hər şey partiyaların özündən və xalqın partiyalara nə qədər etimad etməsindən aslı olacaq”.

G.Yavuzaslan deyib ki, bununla, eyni zamanda, seçki öncəsi xaricdən sifarişlə partiyaların qurulmasının da qarşısı alınmış olacaq:“Hazırda ölkədə yüzə yaxın partiya var və böyük ehtimalla yeni seçki ərəfəsində də daha bir neçəsinin yarandığı bəyan ediləcək. Ancaq artıq bunun qarşısı alınır. Yəni zorla deyil, qanun çərçivəsində. Yuxarıda dediyim kimi, əyalətlərdə bəlli sayda yerli təşkilatları olan partiyalar seçkiyə qatıla biləcək. Bu, təbii ki, ancaq seçki üçündür, yaxud xaricdən sifarişlə qurulan partiyalar erasına son verəcək. Digər tərəfdən, bəzi partiyalar seçki ittifaqında iştirakı bir alver predmeti halına gətirirdi. Cümhurbaşqanlığı seçkisində baraj 50 faiz olduğu üçün bəzi partiyalar seçki ittifaqına qatılıb, o ittifaqda səs sayını artırdığını iddia edirdi. Ancaq indi hər partiyanın topladığı səs ayrı hesablanacaq, həmçinin insanlar millət vəkili seçilmək potensialı olan namizədlərin olduğu partiyalara səs verəcək. Bir sözlə, əsas rolu seçici iradəsi oynayacaq”.

Ekspert sonda onu da əlavə edib ki, yeni qanun bir çox cəhətləri ilə mütərəqqi və müsbətdir: “Bu, həmçinin demokratiya və konstitusion hüquqlar baxımından çox önəmlidir. Ümumilikdə növbəti seçkinin iki – “Millət İttfaqı” və “Cümhur İtiifaqı” arasında mübarizə şəraitində keçəcəyi gözlənilir. Lakin seçkiyə bir il var. Zamanın şərtlərinə görə yeni situasiya da yarana bilər”.

Mission News Theme by Compete Themes.