Son yeniləmə: 14 Aprel 2022 18:08
Bayraqdar.info – Azərbaycanın əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artım sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində əldə edilib. Sözügedən artımın böyük hissəsi özəl sektorun payına düşüb.
Bu barədə bayraqdar.info-ya aprelin 13-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Vurğulanıb ki, 2022-ci il aprel ayının 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 779 min 476 təşkil edib. Bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 239 min 554 vahid çoxdur.
Qeyd edilib ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.
Məlumata əsasən, 2022-ci ilin yanvar-mart aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 47 milyon 408,3 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz və ya 152 milyon 118,3 min manat artıb. Həmçinin daxilolmalar üzrə proqnoz 86 milyon 602,1 min manat artıq icra edilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 649 milyon 803,9 min manat təşkil edib, proqnoz 118,2 faiz icra olunub.
Bildirilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artaraq 35,3 milyon manat olub, proqnoz 112.3 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1 faiz artaraq 25,7 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 122,5 faiz icra olunub.