Press "Enter" to skip to content

Pakistana görə narahat olmağa dəyməz – VİDEO

Şehbaz Şərif

Son yeniləmə: 14 Aprel 2022 12:05

Bayraqdar.info – Bir neçə gün öncə Azərbaycan və Türkiyə ilə çox isti münasibətdə olan, öz yaxınlığını qabarıq və açıq şəkildə sərgiləyən qardaş Pakistanın Baş naziri İmran Xanın istefa prosesini izlədik. İstər istefa ərəfəsində, istərsə də ondan dərhal sonra dünya çapında şərhlər verildi, dəyərləndirmələr aparıldı.

Əlbəttə ki, qardaş ölkədəki bu dəyişiklik həm Azərbaycan, həm də Türkiyədə ciddi şəkildə – diqqətlə izlənildi, izlənilməyə davam edir.

İ.Xanın istefaya məcbur edilməsini ABŞ-la bağladılar. Bunu deyənlər haqsız da sayılmazlar. Çünki Rusiyanın Ukraynaya təcavüzünün ardından onun Moskvaya nümayişkaranə səfər etməsi, Prezident Vladimir Putinlə çox yaxın münasibətlərini göstərməsi ABŞ və bütövlükdə Qərbin diqqətini çəkməyə bilməzdi. Yəni yumşaq desək. O baxımdan İ.Xanla bağlı bir siyasi prosesin başlaya biləcəyi gözlənilən idi.

Nəticə isə artıq bəllidir. İ.Xana Pakistan parlamenti etimadsızlıq göstərib, onu idarəetmədən uzaqlaşdırıb. Yerinə isə Şehbaz Şərif seçilib. Ardından da ABŞ bu seçimlə bağlı rəsmi münasibət bildirib.

Aprelin 14-də bayraqdar.info-ya ABŞ Dövlət Departamentindən daxil olan xəbərdə deyilir ki, Dövlət katibi Entoni Blinken dövlətinin Pakistanın yeni Baş naziri ilə bağlı mövqeyini bəyan edib. Bununla bağlı olduqca qısa açıqlamada deyilir: “Pakistan 75 ilə yaxındır ki, geniş əhatəli qarşılıqlı maraqlar baxımından [ABŞ-ın] önəmli tərəfdaşı olub və biz münasibətlərimizi dəyərləndiririk. Birləşmiş Ştatlar Pakistanın yeni seçilmiş Baş naziri Şehbaz Şərifi təbrik edir. Biz Pakistan hökumətilə uzun müddətli iş birliyini davam etdirməyi gözləyirik. Birləşmiş Ştatlar güclü, zəngin və demokratik Pakistanı hər iki ölkənin maraqları üçün əsas kimi görür”.

Göründüyü kimi, ABŞ bu dəyişiklikdən məmnundur və Pakistanla münasibətlərdə irəliyə baxır.

Bizdə isə məsələ hələ də düzgün qavranılmır. Bir sıra təhlilçilər iddia edir ki, ABŞ-ın İ.Xanı devirib yerinə Ş.Şərifi gətirməsi bizə zərərli olacaq.

Elədirmi?

Şəxsi qənaətimə görə, elə deyil. Birincisi ona görə ki, İ.Xan Azərbaycana və Türkiyəyə yaxın olduğu qədər gərəksiz yerə Rusiyaya və Çinə də yaxındır. İkinci tərəfdən də o, Çin zülmündən qaçan uyğurları tutub qırmızı kommunistlərə təhvil verməsilə həmişə diqqət mərkəzində olub. Yəni faktiki olaraq ABŞ-ın nəzarətindən kənar davranmaqla nə qədər yaxşı tutum sərgiləyibsə, Rusiya və Çinə qucaq açmaqla bir o qədər zərərli görüntüsü bizi də üzməmiş deyil…

Demək istədiyimiz odur ki, İ.Xanın vəzifədən uzaqlaşması həm Azərbaycan, həm də Türkiyə üçün ciddi itki deyil. Həm də ona görə ki, yeni Baş nazir ilk gündən Türkiyə ilə münasibətlərdə qərarlılığını bəyan edib. Belə bir durumda həm Türkiyəyə sadiqlik, həm də Rusiya və Çinə deyil, daha çox demokratik Qərbə meyllilik sərgiləməsi Ş.Şərifin bizim üçün də uyğun olması deməkdir. O baxımdan Azərbaycan və Türkiyə cəmiyyəti rahat ola bilər. Biz baş nazirin dəyişməsi ilə Pakistanı nəinki itirmədik, əksinə, onu özümüzə bir az daha yaxınlaşdırdıq.

Düzdür, indi bəzi təhlilçilər deyə bilər ki, Azərbaycan və Türkiyənin Qərblə problemləri fonunda Pakistan Baş nazirinin Qərbin adamı olması zərərimizədir. Görüntü olaraq belədir. Amma bir şeyi unutmayaq ki, nə Azərbaycanın, nə də Türkiyənin Qərblə alt qatda ciddi problemi yoxdur. Üzdə belə görünsə də…

Qeyd: Ş.Şərif Pakistanın keçmiş Baş naziri Nəvaz Şərifin qardaşıdır.

Yeri gəlmişkən, aprelin 12-də Pakistandakı Baş nazir dəyişikliyini Qafqaz TV üçün də şərh etmişdik.

Mission News Theme by Compete Themes.