Son yeniləmə: 14 Aprel 2022 10:43
Şəmil SADİQ
Bayraqdar.info – Ağa Cəfərlinin yazıçı Əkrəm Əylisli ilə müsahibəsini oxudum. Əslində, bir neçə müsahibəsində gördüyüm bütün əlamətləri bu müsahibədə də gördüm. İkrah hissi, etdiklərinə görə yaşadığı peşmanlıq hissi ilə məmnunluq hissinin ərəfatında qalma hissi, giley-güzar, nifrət, hiddət, ən zəif tənqidə belə böyük yazıçıya xas olmayan dözümsüzlük!
Müsahibəni oxusanız, görərsiniz ki, qeybətcil adamlar kimi hər sualın cavabında özünü ifadə etmək üçün əldən-ayaqdan gedərək özünü haqlı çıxarmaq həvəsi…
Söz ustaları belə olmur, belə olmamalıdır. Çünki içindəki hiddət, nifrət sözlərinə od vurub yandırır və beləcə yazıçının sözləri müvazinətini itirir, dəppələyir!
Görünən odur ki, Əkrəm Əylisli İsa Muğannaya olan pərəstişini gizlədə bilmədiyi kimi, nifrətini də gizlədə bilməyib. Hansısa yazıda oxuyub ki, İsa Muğanna onu otağından qovub. Və bunun qarşılığında deyir: “Misal üçün, bir məqalə var – İsa Hüseynov haqqında. Məqaləni kim yazıb, bilmirəm. Ancaq rəhmətliyin bütün doğum və anım günlərində o yazını saytlarda təkrar-təkrar yayımlayırlar. Sərlövhəsində də mənim adım: “Əkrəm Əylislini otaqdan qovdu”.
“Nə vaxt? Nəyə görə? Hansı otaqdan? Bu sualların heç birinin cavabı şəxsən mənə məlum deyil. Ancaq mənə yaxşı məlumdur ki, işlədiyi yerlərdə, İsa Hüseynovun öz otağı heç vaxt olmayıb. Demək, söhbət rəhmətliyin evindəki hər hansı otaqdan gedə bilər. Ancaq mən o evdə heç vaxt olmamışam. Ona görə ki, rəhmətliyin “İsa Hüseynov” olduğu dövrdə məni ora çağıran olmayıb. Onun “İsa Muğanna” olduğu zamanlar isə o evdə uzaq qalaktikalardan gələn o gədər yadplanetli qonaq-qara olub ki, orda mənə, istəsəm də, yer tapılmayıb. Mən xəngəl süfrəsi arxasında hər gün İsa Məsihlə oturan o Muğannanı qəbul eləyə bilmədim, əzizim Ağa! Deyirlər, dahilərin hamısı dəlidir, ancaq dəlilərin hamısı dahi deyil axı. İsa Hüseynov dahi olmaq istədi. Dahi olmadı, dəli oldu. Biz bunu deməyə niyə qorxuruq?”
Məhz bu cümlələr Əylislinin iç üzünü açır. Bəli, istəsə də o evə buraxılmayıb, çünki özünün də dediyi kimi, “xəngəl süfrəsi arxasında” gün keçirib, vəzifə gözləyib. Çünki İsa Muğanna onu ciddiyə almayıb dönəmində.
Anarın uşaqlarını parklarda gəzdirməklə (İsa Muğanna ilə söhbətlərimizin birində deyib, səs yazısı da qalır) ondan mənsəb gözləyən Əkrəm Əylislidən fərqli olaraq, İsa müəllim yerdəkilərdən əlini üzüb, (çünki yerdəkilər qarın, mənsəb, şöhrət, vəzifə davasına elə girişmişdilər ki, ətrafa zəhər səpələyirdilər) göylərlə, təxəyülünün məhsulları ilə məşğul olub İsa Muğanna. Əkrəm isə əysil (məişət) çərçivəsindən çıxa bilmədi, ona görə də Muğanna mərhələsi onun üçün əlçatmazdır.
Əminəm ki, Əkrəm Əylisli Muğanna təxəllüsü ilə yazılan “İdeal” romanını oxuyub sadəcə. Onu da hökmən paxıllıqdan, dövrünün qısqanclığından. Təəssüflər olsun ki, onu da anlamayıb. Səma şairi olmaq başqadır, zəmin şairi olmaq başqa. Zəmin şairi də olsan, gərək səma şairini anlaya bilmədiyini etiraf edəsən. Yoxsa ki, dəli deyib keçəsən, nə qədər sadə və asan!
Əkrəm Əylislinin dediyinə görə, İsa Muğannanın otağı olmayıb. Əslində isə yalan dediyini özü çox yaxşı bilir, amma dediyi həqiqətdirsə belə, bu, İsa Muğannanın böyüklüyünün sübutudur.
Dahilərə o zaman dəli deyirlər ki, onları anlamırlar. Anlamayanlar dahiləri dəli adlandırır, çünki o səviyyəyə qalxa bilmir, onun etdiklərini dəlilik adlandırırlar. Məhz buna görə də cahillər dahilərə dəli deyir!
İsa Muğanna ədəbiyyatımızın ən məsum, ən saf, ən pak adamlarındandır. Onu anlamadan, idrak etmədən nifrət etmək sadəcə kiçiklik əlamətidir!