Press "Enter" to skip to content

“Çərşənbə söhbəti”ndə azərbaycanlı tələbələr üçün Ramazan sürprizi

Son yeniləmə: 14 Aprel 2022 12:22

Bayraqdar.info – “Eskişehir Azərbaycanlılar Dərnəyinin ənənəvi “Çərşənbə söhbəti”nin bu dəfəki mövzusu Azərbaycanda da diqqətlə izlənilən bir məsələyə həsr olundu. Belə ki, bu dəfə “Çərşənbə söhbəti”ndə qrant layihələrindən bəhs edildi”.

Bunu bayraqdar.info-ya açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib. Onun sözlərinə görə, gecədə ekspert qismində qrant layihələri üzrə mütəxəssis Dilara Serintürk geniş məruzə ilə çıxış edib.

Qeyd edilib ki,məruzədə qrant layihələri və bu məsələdə Türkiyə təcrübəsindən ətraflı söhbət açılıb: “Məruzəçi öncə Türkiyədə dövlət səviyyəsində və beynəlxalq əməkdaşlıq çərçivəsində ayrılan qrantlarla bağlı danışıdı. Eyni zamanda bu layihələrdə qalib gəlmək üçün nələrə diqqət edilməsinin vacib olduğu iştirakçıların diqqətinə çatdırıldı. Bildirildi ki, qrant layihəsi hazırlanarkən iki məsələyə xüsusi önəm verilməlidir. Bunlar məqsəd və nəticədir. Yəni qrant layihəsində bu iki məqam açıq şəkildə ortaya qoyulmalıdır ki, donor təşkilat da nəyə maliyyə ayırdığını və bu maliyyənin nəticəsinin nə olacağını bilsin”.

Məruzədən sonra iştirakçıların suallarına ətraflı cavab verilib. D.Serintürk Dərnək üzvlərinin layihələrlə bağlı sualını cavablandırarkən onlara özəl məsləhətlərini də verib. Sonda Dərnək tərəfindən məruzəçiyə təşəkkür plaketi təqdim edilib.

C.Aydının sözlərinə görə, bu dəfəki “Çərşənbə söhbəti” başqa bir məqamla da yadda qalıb: “Bizim Dərnəyin üzvü, iş adamı, eyni zamanda Azərbaycan sevdalısı hörmətli Ramis Tunca Ramazan ayı ilə bağlı azərbaycanlı tələbələrə birdəfəlik yardım edib. Biz də belə qərara gəldik ki, onun icazəsi ilə 3000 lire olan o yardım pulu ilə hər bir 100 lire olmaqla marketdən alış-veriş üçün 30 ədəd hədiyyə kartı alaq. Həmin kartları da bu dəfə “Çərşənbə söhbəti”nə qatılan azərbaycanlı tələbələr təqdim etdik. Yəni bu bir növ onlar üçün də sürpriz oldu. Çünki biz əvvəldən heç kəsə belə bir addım atılacağı barədə məlumat verməmişdik”.

Mission News Theme by Compete Themes.