Son yeniləmə: 13 Aprel 2022 09:34
“Qarının borcu”,“Danaqıran”, yoxsa “Pasxa”?
Bəhmən Faziloğlu – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent
Bayraqdar.info – Hava yenidən soyuyub, külək əsir, sanki qış yenidən qayıdıb. Havanın soyuq, çənli-dumanlı keçməsini xristianların “Pasxa”, yəhudilərin “Pasxey” bayramı ilə əlaqələndirənlərin nəzərinə!
Əhməd Cavad təxminən 80 il əvvəl “Qarının borcu” haqqında şeir yazıb
“Boz ay”dan sonrakı günləri xalq “Qarayaz”, “Leysan” ayı adlandırıb. Torpaq hələ tam göyərməyib, bəzi yerlərdə yaz şumu aparılıb və ya şuma hazırlıq görülür. Xalq təqviminə görə “biçinə yüz əlli gün” qalıb. Bir tərəfdən də döl ayıdır. Soyuq hələ canımızdan çıxmayıb, hərdən qış özünü yada salır. Yanvar, fevral ayındakı kimi qaz pulu ödəyirik…
Qarayazda ən çox yadda qalan “Qarının borcu” (təxminən 15 aprelədək) və ya “Danaqıran” adlandırılan günlərdir. Çox yəqin ki, bu günlər təbiət hadisələri, iqlimlə sıx bağlıdır, xalq isə bunu əfsanələşdirib, mifləşdirib…
“Qarının borcu” haqqında əfsanəyə görə, yazın gəlməsinə sevinən qarı başlayıb oynayıb-oxumağa:
Qış, gözünə barmağım,
Yaza çıxdı oğlağım.
Qışın bu sözlərə acığı tutur. Zalım qış! Qarıdı da! Deyib, deyib də… Sanki neçə ay idi ki, qışın camaatı dondurması az imiş… Qış yazdan 3 gün borc istəyir. Sadəlövh yaz… Fikirləşib ki, hərdən qış da mənə borc gün verir. Daha deməyib ki, qış qışdır, onda insaf deyilən şey yoxdur…
Qarı olanlardan xəbərsizmiş, nə bilsin ki, qış onun oğlaqlarına tor qurub. Səhər hava yaxşı imiş, qarı oğlaqlarını örüşə buraxır. Zülmkar qış bütün qəzəbini qarının oğlaqlarının üstünə tökür. Qar yağır, çovğun başlayır, qarının oğlaqları yolu azır, soyuqdan, şaxtadan donub ölürlər.
Yazıq qarı oğlaqları böyüdəcəyinə, dıbır olacağına ümid edirdi. Dolanacaqdı, keçiləri artacaqdı. Boş yerə deməyiblər ha, “keçi kasıbın inəyidir”.
Böyük şairimiz Əhməd Cavad təxminən 80 il əvvəl “Qarının borcu” şeirində xalqımızın ruhunu əks etdirib:
Yaz gəlmişdi, qış getmişdi,
Gün çıxmışdı, ot bitmişdi.
Qarı Nənə sevinmişdi,
Oğlaqları Yaza çıxmış;
Yaz hələlik təzə gəlmiş,
Qış hələlik təzə çıxmış.
Qarı Nənə qarlı qışın
Qar kürkünü tullamışdı.
Arxasınca, dönməz deyə
Bir söyüş də yollamışdı:
-Yaza cıxdı oğlaqlarım,
Qış, gözünə barmaqlarım…
Sən deməynən o qart qışın
Bir hiyləsi varmış hələ;
Bir fəsadı, bir tufanı,
Bir fitnəsi varmış hələ.
Qəlbi təmiz gözəl Yazdan
Tək üçcə gün o borc almış.
Bu üç gündə çovğun salmış,
Görünməmiş tufan salmış,
-Şaxta salmış, boran salmış!
O sevimli oğlaqları
Çöldə tutub öldürmüşdü.
O qarıya ibrət üçün
Öz zərbini bildirmişdi.
Çox yaxşı ki, keçi hələ
Çıxmayıbmış o gün çölə.
Qarı Nənə ağladıqca,
Deyirmiş ki, heç çəkmə qəm;
Qış üç oğlaq apardısa,
Mən beş oğlaq verəcəyəm!..
Yaz yolunda şəhid olmuş,
Üç çəpişin beş bacısı
Oynayaraq çıxdı çölə.
Qarı Nənə gülə-gülə
Dedi: “Get, get, ey qarlı qış,
Atdım sənin dalınca daş”.
Əhməd Cavadın bu şeiri bir daha göstərir ki, ədəbiyyat xalqın ruhudur. Öz ədəbiyyatını sevənin, bilənin ruhu olur.
…“Qarının borcu”ndan 15 gün keçəndən sonra deyərdilər ki, yazın “qırxı” çıxdı. “Yazın qırxı” çıxandan sonra yaz şumu başlayardı.
Xalq təqviminə görə yazın son dövrü 20 gün davam edir və bu müddətə “qızılgül” dövrü də deyilirdi. “Qızılgül” dövrü “arpa biçini” və ya “arpaya cin çəkilən” dövr kimi də tanınır. Tarixən Bakıda və bəzi bölgələrimizdə Novruzdan sonra “Güləkən” mərasimi keçirilib, qızılgül, müxtəlif güllər əkilib…
….Qart, qaniçən, işğalçı, həyasız, yalançı düşmən hələ də yaxamızdan əl çəkmir, üstəlik, dünyanı da qana çalxalayır. Allah bizə kömək olsun, gün gəlsin ki, qart düşmənin dalınca elə daş atılsın ki, çəkilsin getsin öz meşələrinə, bir də gün üzünə çıxmasın…