Son yeniləmə: 13 Aprel 2022 19:59
Bayraqdar.info – İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) anti-Azərbaycan, antitürk fəaliyyətləri davam edir. İranın Qərbi Azərbaycan əyalətində İmam Xomeyni Sosial Yardım Qurumu (Komiteyi İmdad) baş müdiri Əziz Səhəndi “Zindəşt Ulduzu” adlı “xeyriyyə müəssisəsi”nə gedərək tanınmış narkotik qaçaqmalçısı və beynəlxalq terrorçu Naci Şərifi Zindəştiyə fəaliyyətlərinə görə təşəkkür edib və ona mükafat verib.
Bu barədə Araz News məlumat yayıb. Məlumatda qeyd edilib ki, N.Ş.Zindəşti PKK-nın narkotik trafikinə nəzarət edir. O, həmçinin SEPAH-a siyasi terror və adam qaçırma məsələsində dəstək verir. Daha doğrusu, SEPAH-ın bununla bağlı sifarişlərini icra edir.
N.Ş.Zindəşti ötən aylarda silahlı terror dəstəsi ilə birlikdə sosial mediaya şəkillər yayıb. Həmin şəkillərdə SEPAH-la əməkdaşlıq edən başqa mafiya rəhbərləri də əks olunub.
Məsələnin başqa bir maraqlı tərəfi odur ki, Qərbi Azərbaycanın əyalət televiziyası bu terrorçunun “xeyriyyə təşkilatı” haqqında verilişlər hazırlayıb, onu yardımsevər və xeyriyyəçi kimi qələmə verir.
“Qeyd etməkdə fayda var ki, həmin bu şəxs keçmişdə İran məhkəmələri tərəfindən narkotik qaçaqmalçılığına görə edam cəzasına məhkum edilmişdi. Lakin qaranlıq bir şəkildə zindandan çıxaraq Türkiyəyə getmişdi. O, Türkiyədə narkotik qaçaqmalçılığı və terror cinayətlərinə görə axtarışdadır. Deyilənə görə bu adam “Əl-Əhvaz” qrupunun lideri Həbib Əsyudun İstanbuldan oğurlanıb Tehrana aparılmasında əsas rol oynayıb”, – deyə məlumatda vurğulanır.
O da qeyd edilir ki, bu qədər cinayətlər törətmiş terrorçunun Qərbi Azərbaycanda sərbəst gəzməsi sual doğurur. Həmçinin onun “xeyriyyə fəaliyyətinin” də niyə məhz Qərbi Azərbaycanda və Urmiyada reallaşdırıldığı, amma nədənsə Tehranda, yaxud fars əyalətlərində bu cür addımlar atmadığı da sual doğurur.
Bildirilir ki, bütün bu addımlar SEPAH-ın icazəsi olmadan atıla bilməz. SEPAH-ın niyə icazə verməsinə gəlincə, bunun məhz PKK ilə bağlı olduğu bildirilir. Yəni məqsəd PKK-nı Qərbi Azərbaycanda yerləşdirmək və gücləndirməkdir. Fars şovinizmi, o cümlədən SEPAH Qərbi Azərbaycanda milli mücadiləni boğmaq üçün oranı PKK-ya peşkəş etməyi düşünür.
O da qeyd edilir ki, SEPAH-ın Azərbaycan düşmənçiliyi davamlı xarakter daşıyır. Bir neçə gün öncə SEPAH bir video yayaraq Azərbaycanı təhqir və təhdid edib. Qurum həmin videoda Ermənistanın sərhədlərinin toxunulmazlığını İranın qırmızı cizgisi elan edib, Azərbaycan və Türkiyəni açıq şəkildə müharibə ilə hədələyib.