Press "Enter" to skip to content

Prezident: Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı, Hadrut və Suqovuşanın Baş planları hazırlanmalıdır

Prezident müşavirə keçirdi

Son yeniləmə: 13 Aprel 2022 09:23

Bayraqdar.info – Bu ilin sonuna qədər və növbəti bir-iki il ərzində görüləcək işlərlə bağlı öz tapşırıqlarımı bir daha vermək istəyirəm. Birincisi, şəhərlərin Baş planları ilə bağlıdır. Bizim hazırda Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Artıq mən işlərin gedişatı ilə tanış olmuşam.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu barədə Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib:

“Digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Çünki burada da qeyd olundu, 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Əlbəttə ki, Baş planlar təsdiq olunandan sonra biz ancaq praktiki işlərlə məşğul olacağıq. Mən, ilk növbədə, yaşayış binalarının inşasını nəzərdə tuturam. Çünki digər infrastrukturla bağlı layihələr icra edilir”.

“Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin olandan sonra ki, o ərazilər minalardan təmizlənib, biz vətəndaşları o ərazilərə yerləşdirə bilərik.

“Yeni texnikanın alınmasının təmin edildiyini, o cümlədən ən müasir texnika, dronlar və digər müasir cihazlar alınıb. Bizim indi üç qurumumuz – ANAMA, Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyi minatəmizləmə işləri ilə məşğuldurlar. Əlbəttə ki, bir müddət bundan əvvəl yerli şirkətlərin buraya cəlb olunması məsələsi müzakirə edilmişdir və bildiyimə görə, yerli şirkətlər də bu işlərə qoşulur. Çünki bu təşəbbüs həm sahibkarlığın inkişafına təkan verəcək, – əfsuslar olsun ki, ölkəmizdə minatəmizləmə prosesi uzunmüddətli olacaq, – eyni zamanda, yerli şirkətlər burada təcrübə toplayıb öz xidmətlərini təqdim edə bilərlər. Xarici şirkətlərə gəldikdə, onların təklifi, əlbəttə ki, bu günə qədər qiymət baxımından bizim üçün o qədər də məqbul olmayıb. Çünki yerli şirkətlərin verdikləri qiymətlə xarici şirkətlərin verdikləri qiymətlər arasında dəfələrlə fərq var. Ona görə mən hesab edirəm ki, üç dövlət qurumu ilə bərabər, yerli şirkətlər nə qədər çox yaransa, o qədər yaxşıdır. Bir də ki, dövlət xətti ilə ən müasir maşın və mexanizmlərin alınması da təmin edilməlidir”, – deyə Prezident İlham Əliyev bildirib.

Mission News Theme by Compete Themes.