Press "Enter" to skip to content

Nazirlə səfir görüşdü

Səfirlə görüş

Son yeniləmə: 13 Aprel 2022 13:43

Bayraqdar.info – Mədəniyyət Nazirliyindən aprelin 13-də bayraqdar.info-ya bildirilib ki, mədəniyyət naziri Anar Kərimov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşüb.

“Görüş zamanı Mədəniyyət Nazirliyi və Avropa İttifaqı arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivi, həyata keçirilən beynəlxalq layihələr və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra yaranmış vəziyyət barədə söhbət aparılıb.

“Nazir Aİ ilə Nazirlik arasında bir çox sahələrdə, xüsusilə də humanitar və mədəniyyət sahəsində birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Aİ-nin dəstəyindən söz açan nazir bu sahədə aparılan işlərə görə qarşı tərəfə minnətdarlığını ifadə edib.

“Görüş zamanı A.Kərimov Prezident İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı fikirlərini bölüşüb.

“A.Kərimov “Mədəniyyət naminə sülh” (Peace for Culture) qlobal çağırış haqqında məlumat verib. Qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı və İSESKO tərəfindən dəstəklənən bu layihənin əsas məqsədi mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olmasıdır. Bu məqsədlə Azərbaycan “Mədəniyyət naminə sülh” kompaniyası ilə dünyaya çağırış edir. A.Kərimov Avropa İttifaqını Nazirliyin irəli sürdüyü bu kimi bir sıra beynəlxalq təşəbbüslərdə iştiraka dəvət edib.

“Səfir P.Mixalko qəbula görə təşəkkürünü bildirərək Avropa İttifaqı tərəfindən Azərbaycanla mədəniyyət sahəsində həyata keçirilən layihələrə böyük önəm verildiyini və bu münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

“Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.