Son yeniləmə: 13 Aprel 2022 11:52
Bayraqdar.info – Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib. Amerika Birləşmiş Ştatlarının Riyaziyyat Fənn Assosiasiyasının xətti ilə VII-IX sinif şagirdləri arasında keçirilən Beynəlxalq riyaziyyat olimpiadasında qalib olan Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və onların müəllimlərinin mükafatlandırılması mərasimi keçirilib.
Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, mükafatlandırma mərasimində Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Natiq Əhmədov müsabiqə və olimpiadada uğur qazanmış şagirdləri təbrik ediblər.
“Bildirilib ki, istedadlı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində 2019-cu ildən ölkəmizdə keçirilən Amerika Riyaziyyat Fənn Olimpiadasında ilk dəfə məktəbin 6 şagirdi iştirak edib və onlardan 4-ü müvəffəqiyyət qazanıb. Uğurlarını 2022-ci ildə də davam etdirən Naxçıvan Qarnizonu tam orta məktəbi 10 şagirdlə olimpiadada iştirak edib və 7 şagird yüksək nəticə göstərib.
“Məktəbin müəllimi Gülnarə Mahmudova və olimpiadanın qalibi, 8-ci sinif şagirdi Fidan Ağazadə təhsilə göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
“Çıxışların ardından qalib olan Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və onların müəllimlərinin mükafatlandırılması ilə bağlı Əlahiddə Ümumqoşun Ordu komandanının əmri tədbir iştirakçılarına çatdırılıb. Sonra qaliblərə sertifikatlar, tərifnamə təqdim edilib. Qaliblər və onların müəllimləri mükafatlandırılıblar”, – deyə məlumatda qeyd edilib.