Son yeniləmə: 13 Aprel 2022 09:01
Bayraqdar.info – Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov bu ölkənin turizm naziri Migel Torruko Markes ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya aprelin 13-də Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, görüş zamanı Meksika ilə Azərbaycan arasında turizmin inkişafı perspektivləri, turist axınının qarşılıqlı artımı və bu sektorda təcrübə mübadiləsinin səmərəliliyindən söhbət açılıb. Həmçinin, hava əlaqəsi və Azərbaycan vətəndaşları üçün Meksika elektron vizasının tətbiqi imkanları kimi əməkdaşlıq məsələləri müzakirə edilib.
Tədbirdə, eyni zamanda, pandemiyadan sonrakı dövrdə turizm sektorunun yenidən canlanması üçün səylərin davam etdirilməsi, iqtisadiyyatın bu vacib sahəsinin bərpası istiqamətində hər iki ölkənin turizm sahəsi nümayəndələri arasında əlaqələrin təşviq olunmasının zəruriliyi vurğulanıb.
Görüşün sonunda nazir M.Torruko M.Talıbovu Mexiko Ştatında özəl əl işlərinə həsr olunmuş “Punto México” sərgisi ilə tanış edib.