Son yeniləmə: 13 Aprel 2022 16:56
Bayraqdar.info – “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov aprelin 12-də Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə bayraqdar.info-ya aprelin 13-də qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan 64 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri,işə qəbul və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədr müavini K.Həsənov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.