Son yeniləmə: 13 Aprel 2022 09:31
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində parlamentin müzakirəsinə təqdim edilən bələdiyyələrin birləşdirilməsinə dair qanun layihəsi gərginliyə səbəb olub. Xatırladaq ki, hökumət tərəfindən təqidm edilən layihənin Cümhuriyyət Məclisinin Regional, ictimai və səhiyyə məsələləri komitəsində müzakirəsinə başlanılsa da bu iş yarımçıq qalıb.
Səbəb isə müxalifətin buna qarşı çıxmasıdır. Beləliklə, gərginliyin aradan qaldırılması, ümumi razılığın əldə edilməsi üçün KKTC parlamentində təmsil olunan siyasi partiya liderlərinin bir arraya gəlməsi qərara alınıb.
Məlumata əsasən, aprelin 12-də baş nazir Faiz Sucuoğlunun parlamentdəki iş otağında baş tutan görüşdə onunla yanaşı CTP sədri Tufan Erhürman, DP sədri Fikri Ataoğlu, HP sədri Başkanı Kudret Özersay və YDP sədri Erhan Arıklı iştirak edib.
Görüşdən sonra verilən açıqlamalar toplantının müsbət atmosferdə keçdiyinə işarə edir. Belə ki, UBP sədri, baş nazir F.Sucuoğlu toplantının müsbət və səmimi bir atmosferdə keçdiyini deyib. O, partiya sədrləri tərəfindən məsələnin aprelin 18-dək dəyərləndiriləcəyini və addım atılacağını bildirib.
F.Sucuoğlu məsələ ilə bağlı təşkil ediləcək komitədə hər partiyadan iki nəfərin təmsil olunacağını vurğulayıb. Baş nazir həmçinin gərginliyə ehtiyac olmadığını da söyləyib.
HP sədri K.Özersay görüşün səmimi və məhsuldar keçdiyini qeyd edərək, bütün partiya sədrlərinin konstruktiv davranış sərgilədiklərini bildirib. “Ümimi razılaşmaya yaxın olduğumuzu düşünürük”, – deyən partiya sədri iqtidarla müxalifətin bələdiyyə islahatı ilə bağlı ortaq fikirlə işləməyə başlamasının vacibliyini vurğulayıb.
YDP sədri E.Arıklı da toplantının məhsuldar keçdiyini qeyd edib. O, müxalifətin görüşə gözəl təkliflərlə gəldiyini bildirib.
DP sədri F.Ataoğlu bələdiyyə islahatının bütün partiyaların həmfikir olaraq reallaşdırıla biləcəyini qeyd edib.