Press "Enter" to skip to content

Yerlərdə şəhid ailələri və qazilər üçün evlər tikiləcək

Millət vəkili Musa Quliyev

Son yeniləmə: 12 Aprel 2022 10:43

Yəqin ki, bu il ərzində ilk məcburi köçkün dəstələri öz ata-baba yurdlarına qayıdacaq

Bayraqdar.info – “Prezident İlham Əliyevin aprelin 11-də imzaladığı Fərman şəhid ailələri və qazilərin sosial müdafiəsini gücləndirmək, onların sosial təminatını yaxşılaşdırmaq xarakteri daşıyır. Məlumdur ki, Prezidentin sosial siyasətində həssas təbəqə – xüsusilə şəhid ailələri, Qarabağ qaziləri və veteranlar həmişə dövlətin diqqət mərkəzində və qayğısı altındadır. İndiyə qədər bu qəbildən olan insanlara dövlət tərəfindən 12 min 500 mənzil hədiyyə edilib. Bunlar tam təmir edilmiş və yaşayışa hazır mənzillərdir. Təkcə ötən il 3 min mənzil şəhid ailələrinə və qazilərə verilib. Həmin layihə bu il də davam edir. Bu il təxminən 1 min 500 – 2 min arası şəhid ailəsi və Qarabağ qazisi mənzillə təmin ediləcək”.

Bu sözləri millət vəkili Musa Quliyev bayraqdar.info üçün Prezident İ.Əliyevin aprelin 11-də imzaladığı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanı şərh edərkən deyib.

M.Quliyevin bildirdiyinə görə, 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqların işğaldan azad olunması məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaları üçün ciddi əsas və şərait yaradıb.

Deputat deyir ki, ölkə başçısının ötən il verdiyi fərmanlarla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Həmin rayonlarda bir çox şəhər və rayon mərkəzlərinin baş planı işlənib hazırlanıb. Yəqin ki, bu il ərzində ilk məcburi köçkün dəstələri öz ata-baba yurdlarına qayıdacaq: “Bildiyiniz kimi, Zəngilan rayonunun Ağalı kəndində ağıllı kənd layihəsi artıq başa çatmaq üzrədir. Digər kənd və qəsəbələrdə də quruculuq-abadlıq işləri gedir.

“Məhz buna görə də Prezidentin Sərəncamı ilə 2021-ci ildə məcburi köçkünlər üçün tikilib onlara paylanması nəzərdə tutulan 5 min mənzilin şəhid ailəsi və Qarabağ əlilləri arasında bölüşdürülməsi həyata keçiriləcək. Məsələnin həlli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

“Prezidentin imzaladığı Fərman isə onunla əlaqədardır ki, həmin mənzillərin satış və paylanma qaydaları müəyyənləşdirilsin. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda tikilən mənzillərin bölgüsü həyata keçiriləcək və adıçəkilən bölgələrdə qeydiyyatda olan şəhid ailələri və qazilər həmin mənzillərdə yerləşdiriləcək. Digər mənzillər isə bazar qiymətində satılaraq başqa rayonlarda ehtiyacı olan şəhid ailəsi və Qarabağ əlilləri üçün mənzillər alınacaq. Yaxud da kənd yerlərində yaşayan bu qəbildən olan insanlar üçün evlər tikiləcək. Bu da vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, sosial ədalətə xidmət edir və hər kəsin mənzil probleminin həllinə dəstək xarakteri daşıyır. Məsələnin həlli üçün bazar iqtisadiyyatı nəzərə alınmaqla tenderlər keçiriləcək. Qiymətləndirmə aparılacaq və tender əsasında şəffaf şəkildə mənzillər satılacaq. Mənzillərdən alınan vəsait isə şəffaf şəkildə digər şəhər və rayonlarda yaşayan şəhid ailəsi və Qarabağ qaziləri üçün uyğun mənzillərin alınmasına sərf olunacaq”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.