Son yeniləmə: 13 Aprel 2022 10:16
Bayraqdar.info – Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
“Postmünaqişə dövrünün nəticələri, birinci ilin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər.
“Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır.
“Bizim iqtisadi göstəricilərimiz də çox müsbətdir. Birinci rübdə ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb.
“Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik.
“İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var. İş görmək, biznes əlaqələri qurmaq müraciətləri kifayət qədər çoxdur. Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər marağı özünə cəlb edə bilib.
“Xarici ticarət dövriyyəmiz artıb və xarici dövlət borcumuz azalıb. Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni, biz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik.
“Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo – cəmi üç ayda 5 milyard dollardan çoxdur. Yəni, bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir – bizim ixracımız idxalı üstələyir.
“Biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar.
Bayraqdar.info AZƏRTAC-a istinadla bidirir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 12-də keçirdiyi müşavirədə bildirib.