Son yeniləmə: 12 Aprel 2022 12:27
Bayraqdar.info – Postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri çərçivəsində mühüm addımlar atılıb. Bu tədbirlə 1 aprel 2022-ci il tarixə olan məlumata əsasən şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 100 minədək şəxsi əhatə edib. Onlara 166 min xidmət göstərilib.
Bu barədə bayraqdar.info-ya aprelin 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən ƏƏSMN genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirir.
7 min 969 şəxsə on altı minə yaxın sosial ödəniş
Bu tədbirlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan 7 min 969 şəxsə 15 min 922 sosial ödəniş (Prezidentin təqaüdü, sosial müavinət, pensiya) təyin olunub. Həmçinin 2 min 772 müharibə iştirakçısına əlillik və 5 min 544 sosial ödəniş təyin olunub.
Məlumata əsasən 2022-ci ilin ilk rübündə “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatına da başlanaraq proses yekunlaşıb: “Bütün qeyd edilən sosial ödənişlərin vətəndaşların müraciəti olmadan və onların sənədlər təqdim etmələrinə ehtiyac qalmadan, elektron sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib”.
Mənzil proqramı 5 dəfə genişlənib
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği də həm 2021-ci ildə, həm 2022-ci ilin əvvəlindən əhəmiyyətli dərəcədə artırılıb. Bununla bağlı məlumatda qeyd edilir: “Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 200 mənzil, postmüharibə dövründə isə 3 min 200 mənzil verilib”.
Ümumən ötən dövrdə 12 min 500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Müharibə əlillərinin atomobillə təminatı tədbirləri də davam edir. Nazirlik 2021-ci ildə daha 164 nəfər müharibə əlilinə minik avtomobili təqdim edib və bu günədək 7400 müharibə əlili avtomobillə təmin olunub.
8 minə yaxın şəxsə sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib
Məlumatda bildirilir ki, postmüharibə dövründə şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər də daxil olmaqla 11 minə yaxın şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 6,5 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib: “Bu ilin 1 aprel tarixinə “Məşğulluq marafonu”na 627 işəgötürən qoşularaq 4365 vakansiya təqdim edib və marafon üzrə artıq 2 minə yaxın şəxs işlə təmin olunub. Həmçinin 8 minə yaxın şəxsə 23 minədək sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 1 min 337 müharibə əlilinə 16 min 413 reabilitasiya vasitəsi verilib. Dövlət başçısının göstərişi ilə 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatına başlanıb ki, bu proqram üzrə 270 nəfər müharibə əlili yüksək texnologiyalı 290 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib”.
Vahid əlaqələndirmə mərkəzlərində 26 min şəxsə xidmətlər göstərilib
“Şəhid ailələrinə, müharibədə yaralanmış hərbi qulluqçulara mərkəzi və rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26 istiqamətdə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edildiyi vahid əlaqələndirmə mərkəzlərində 26 min şəxsə xidmətlər göstərilib. Sosial dəstək çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb”, – deyə sonda əlavəı edilib.