Son yeniləmə: 12 Aprel 2022 09:22
Bayraqdar.info – Son vaxtlar balkanlarda vəziyyət yenidən gərginləşir. Buna səbəb isə Rusiyanın təsiri altında olan serb liderlərin sərgilədikləri mövqedir.
Bu məsələdə xüsusilə də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli sədri Milorad Dodik ilə Bosniya və Herseqovinanın Serb Respublikasının rəhbəri Zelyka Cviyanoviç fərqlənirlər. Məhz buna görə Böyük Britaniya hökuməti onların hər ikisinə qarşı sanksiya tətbiq edib. Sanksiyaya səbəb kimi onların Bosniya və Herseqovinada çətinliklə əldə edilmiş sülhə xələl gətirmələri göstərilir.
Bu arada isə Kosovanın Prezidenti Vjosa Osmani Kosovanın Serbiyaya qarşı soyqırımla bağlı məhkəməyə müraciət etməyə hazırlaşdığını deyib. Sosial şəbəkədə ona ünvanlanan sualı cavablandıran V.Osmani bununla bağlı zamana ehtiyac olduğunu söyləyib.
Balkan News xəbər verir ki, bir neçə gün öncə baş nazir Albin Kurti də bu məsələdə dərin araşdırmaya ehtiyac olduğunu söyləyib. Baş nazir “Bu prosesə başlamazdan əvvəl hazırlaşmalıyıq. Soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən NATO ilə dayandırıldı”., – deyə əlavə edib.