Press "Enter" to skip to content

Elman Rüstəmov Mərkəzi Bankın sədrliyindən azad edildi – YENİ ÜZV TALEH KAZIMOV

Milli Məclis

Son yeniləmə: 12 Aprel 2022 16:18

Bayraqdar.info – Aprelin 12-də Parlamentin plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarəHeyətinin üzvlüyündən azad edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bayraqdar.info-ya daxil olan məlumatda bildirilir ki, bu barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, Elman Rüstəmovun Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı Prezidentin təqdimatı deputatlar tərəfindən müsbət qarşılanıb.

Milli Məclisin aprelin 12-də keçiriləcək iclasının gündəliyi

Aprelin 12-də keçirilən MM-in iclasında E.Rüstəmov İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunub.

Elman Rüstəmov

Daha sonra Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv təyin edilib. Bununla bağlı Parlamentin aprelin 12-də keçirilən plenar iclasında Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında MM-in qərar layihəsi müzakirəyə çıxarılıb.

Məsələ barədə MM İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri T.Mirkişili məlumat verib. Komitə sədri T.Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumatları deputatların diqqətinə çatdırıb. Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib.

T.Mirkişili Mərkəzi Bank və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında sıx əlaqələrin olduğunu, bir sıra məsələlərin həllində faydalı əməkdaşlıq etdiklərini qeyd edib və bunun gələcəkdə uğurla davam edəcəyini söyləyib. Sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Taleh Kazımov

Taleh Kazımov kimdir?

Taleh Kazımov 1983-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın “Georgia State University” ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib. Bundan əlavə, Taleh Kazımov 2012-ci ildə “London Biznes Məktəbi”nin (Böyük Britaniya) və 2014-cü ildə “Harvard Biznes Məktəbi”nin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) müvəffəqiyyətlə bitirib.

Taleh Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir.

O, karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-dən 2006-cı ilədək davam edən dövrdə Taleh Kazımov “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

Taleh Kazımovun “PAŞA Bank”da fəaliyyəti 2007-ci ilin iyulundan başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, daha sonra Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

2011-ci ilin dekabrından Taleh Kazımov “PAŞA Bank”ın İdarə heyətinin üzvü seçilib, 4 il sonra isə Taleh Kazımov “PAŞA Bank”ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir. Ailəlidir, iki övladı var.

Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.