Press "Enter" to skip to content

BMT-nin ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq edilir

Son yeniləmə: 12 Aprel 2022 18:43

Bayraqdar.info – Azərbaycan BMT-nin ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq edir. Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib. Nazir müavini ölkəmizin qlobal proqramların icrasına töhfə verdiyini qeyd edib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, aprelin 12-də BMT və Azərbaycan arasında “2021 – 2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Birgə İstiqamətləndirici Komitənin onlayn formatda iclası keçirilib.

Tədbirdə çıxış edən E.Əliyev bildirib ki, Azərbaycan regionda BMT-nin “Dünyamızın transformasiyası: dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı görülmüş işlərin yekunu barədə BMT-yə artıq 3-cü Könüllü Milli Hesabatını təqdim edən ilk ölkədir: “Hər 3 hesabatın hazırlanması istiqamətində BMT ilə səmərəli əməkdaşlıq edilib, təşkilat tərəfindən ekspert səviyyəsində dəstək göstərilib. Növbəti hesabatın isə 2023 və ya 2024-cü illərdə təqdim edilməsi planlaşdırılır”.

Vurğulanıb ki, dövlət başçısının Sərəncamı ilə Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri təsdiq edilib. Həmçinin qarşıdakı onillikdə ölkənin sosial, iqtisadi və ətraf mühitin inkişafı istiqamətində uzunmüddətli təkamül yollarını hədəfləyən beş milli prioriteti müəyyən edilib: “Bu prioritetlərin icrası da DİM-ə nail olunmasında xüsusi önəm kəsb edir. Milli Prioritetlərdə müəyyən olunmuş 5 istiqamət üzrə “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanıb və yaxın müddət ərzində təsdiqi gözlənilir. Ölkəmizin COVID-19 pandemiyası ilə mübarizəsi DİM-ə birbaşa və dolayı olaraq müsbət təsir göstərib. Həyata keçirilən tədbirlər nəticəsində 2021-ci ildə ÜDM, o cümlədən qeyri-neft sektoru əhəmiyyətli dərəcədə artıb, qeyri-neft ixracı isə indiyədək ən yüksək tarixi nəticəyə çatıb”.
Postpandemiya dövründə isə Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası və s. kimi məqsədlər hədəflənir.

İclasda Çərçivə Sənədinin ölkəmizdə DİM-lərin maliyyələşdirilməsində mühüm alət olmaqla, aparılan islahatlara və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradacağı qeyd olunub.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva Çərçivə Sənədinin icrası üzrə BMT-nin müxtəlif qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. O, təşkilatın işğaldan azad olunmuş ərazilərimizin bərpasında Azərbaycan Hökumətinə dəstəyinin davam edəcəyini bildirib. V.Andreyeva ölkəmizin DİM-lərin həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb.

İclasda nəticə qruplarının rəhbərləri Çərçivə Sənədinin 2021-ci il üzrə yekunları və 2022-ci il üçün prioritetləri barədə təqdimatla çıxış ediblər.

Tədbirdə qarşıdakı dövrdə ölkəmizin strateji hədəfləri barədə fikir mübadiləsi aparılıb, birgə iş planlarımüzakirə olunaraq təsdiq edilib.

Mission News Theme by Compete Themes.