Son yeniləmə: 12 Aprel 2022 18:38
Bayraqdar.info – Azərbaycan mədəniyyət günlərinin davamı olaraq Daşkənddə Özbəkistanda Azərbaycan musiqisinin, rəqslərinin təbliğinə həsr edən Kövkəb Əliyevanın yaşadığı evin üzərində onun xatirə lövhəsinin açılışı olub. K.Əliyeva Azərbaycan və Özbəkistanın Əməkdar artisti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansablının rəhbəri və tanınmış rəqqasə olub.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, açılış mərasimində Azərbaycandan olan nümayəndə heyəti ilə yanaşı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, bu ölkənin mədəniyyət, incəsənət, ictimaiyyət xadimləri iştirak ediblər.
“Öncə xatirə lövhəsinin açılış lenti kəsilib. Mərasimdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışıb. O, Azərbaycan və Özbəkistanın Əməkdar artisti, Özbəkistan Respublikasının “Dostluq” ordeni və Azərbaycan Respublikasının “Fəxri Mədəniyyət işçisi” adına layiq görülmüş, “Azərbaycan qızları” rəqs ansamblının bədii rəhbəri olmuş K.Əliyevanın həyat və yaradıcılığı haqqında məlumat verib.
“Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, professor Erkin Nuriddinov, Özbəkistanın Xalq artisti Qalina Melnikova Əməkdar artist K.Əliyevanın Azərbaycan və Özbəkistan arasında günü-gündən inkişaf edən mədəni əlaqələrdən danışıblar.
“K.Əliyevanın qardaşı Pərviz Əliyev sonda çıxış edərək ailələri adından Azərbaycan dövlətinə, şəxsən prezident İlham Əliyevə bacısının xidmətlərini qiymətləndirilməsi, tanınmış soydaşlarımızın irsinin əbədiləşdirilməsinə göstərilən bu diqqət üçün razılıq və dərin təşəkkürlərini bildirib.
“Sonda Xalq artisti Gülyanaq Məmmədova xatirə lövhəsinin qarşısında milli musiqimizdən parçalar ifa edib.
“Qeyd edək ki, xatirə lövhəsi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistan Respublikasının Xalq rəssamı Marina Borodinova tərəfindən hazırlanıb”, – deyə xəbərdə bildirilir.