Son yeniləmə: 11 Aprel 2022 18:19
Bayraqdar.info – “Avropa İttifaqının Tvinninq layihəsi biznes statistikası metodologiyasının Aİ standartlarına uyğunlaşdırılması və qlobal statistika sisteminə inteqrasiyasında yeni imkanlar yaradıb”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
Dövlət Vergi Xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, aprelin 11-də “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistikası Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Konfransda çıxış edən O.Nəzərli bildirib ki, Azərbaycanda biznes statistikasının aparılması sahəsində dövlət qurumlarının potensialının artırılmasına yönəlmiş bu layihənin icrasına, digər benefisiarlar kimi, vergi xidmətinin də bir qrup əməkdaşı cəlb olunub. Ötən müddətdə həmin əməkdaşların bilik və bacarıqlarının artırılması üçün əhəmiyyətli iş görülüb.
O da vurğulanıb ki, layihə çərçivəsində biznes subyektlərinin uçotunu aparan orqan ilə statistika idarəsi arasında məlumat mübadiləsinin formaları, mübadilə edilən məlumatların tərkibi, o cümlədən irihəcmli məlumatların emalı və uyğunlaşdırılması ilə bağlı məsələlər diqqət mərkəzində olub. Layihənin tərəfdaşları olan Finlandiya, Litva və Niderland kimi Avropa İttifaqına daxil olan ölkələrin statistika qurumlarının təcrübələri öyrənilib.
“Sosial-iqtisadi proseslərin idarə olunmasında, dövlətin iqtisadi idarəetmədə verdiyi qərarların qəbulunda rəsmi statistikanın əhəmiyyətini qeyd edən O.Nəzərli Dövlət Vergi Xidmətinin biznesin qeydiyyatından başlayaraq vergi ödəyicilərindən bəyannamə məlumatlarının alınıb emal edilməsinə qədər mühüm statistik bazanın formalaşdırılmasında iştirak etdiyini vurğulayıb. Xidmət rəisi qeyd edib ki, layihə çərçivəsində Statistik Vahidlərin Dövlət Reyestrinin aparılması və yenilənməsi üçün Dövlət Vergi Xidmətinin formalaşdırdığı məlumatların keyfiyyətinin idarə edilməsinə dair standartlar gücləndirilib, işçi heyətin biznes statistikası sahəsində məlumatların təhlili ilə bağlı potensialı artırılıb, biznes statistikasının istehsalı üzrə müsbət irəliləyişlər əldə edilib.
“Layihənin Azərbaycan vergi sisteminin məlumat bazasının, həmçinin bütövlükdə biznes statistikasının təkmilləşdirilməsi prosesinə əlavə təkan verəcəyini bildirən O.Nəzərli əldə olunmuş bütün təcrübələrin digər benefisiar qurumlarla birlikdə praktikada da uğurla tətbiq ediləcəyini diqqətə çatdırıb. Xidmət rəisi bildirib ki, indiyədək Avropa İttifaqı ilə birlikdə vergi xidmətində bir neçə mühüm tvininnq layihəsi həyata keçirilib. Həmin layihələr Dövlət Vergi Xidmətinin müxtəlif sektorlarda, o cümlədən elektron audit, insan resursları, vergi ödəyicilərinə xidmət, transfer qiymətləri və s. sahələrdə institusional potensialının artırılmasına mühüm töhfə verib”, – deyə daha sonra məlumatda qeyd edilib.