Son yeniləmə: 11 Aprel 2022 14:38
Bayraqdar.info – Türkiyənin Kızılay təşkilatı Ramazan yardımları çərçivəsində Azərbaycanda 4 minə yaxın ailəyə çatdıracağı yardım bağlamalarını paylamağa başlayıb.
Bu barədə bayraqdar.info-ya Türkiyənin Azərbaycandakı səfriliyindən məlumat verilib.
Bildirilib ki, “Kızılay”ın hazırladığı ərzaq bağlamaları Türkiyə və Azərbaycan rəsmilərinin iştirak etdiyi mərasimdən sonra Bakıdan yük maşınlarına yüklənərək müxtəlif rayonlarda yaşayan şəhid ailələrinə və ehtiyac sahiblərinə göndərilib. Bağlamalar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülərinin də töhfəsi ilə ehtiyac sahiblərinə çatdırılacaq.
“Kızılay” təşkilatının Qafqaz Regional Qrupunun rəhbəri Semih Paslı bildirib ki, bağlamaları bölgələrdə qapı-qapı gəzərək çatdırmağı planlaşdırırlar. Ərzaq bağlamalarının çox zəngin olduğunu deyən S.Paslı onları 4 minə yaxın adama çatdırmağı hədəflədiklərini söyləyib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətininicraçı katibi Ceyhun Mirzəyev “Kızılay” təşkilatı ilə “bir millət, iki dövlət” prinsipi ilə əməkdaşlıq etdiklərini bildirib. Qurumun Azərbaycanda bir çox fəaliyyətlər həyata keçirdiyini xatırladan C.Mirzəyev vurğulayıb ki, azad olunmuş rayonlarda da silsilə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bildirilib ki, həmin bölgələrdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (” Kızılay”ın dəstəyi ilə) filiallarının bərpa olunması gündəmdədir.