Son yeniləmə: 11 Aprel 2022 10:28
Bakı Karagümrük Uşaq Futbol Məktəbi gələcəyin futbol ulduzlarının yetişdirilməsini qarşısına məqsəd qoyub
Bayraqdar.info – Azərbaycan gənclərinin müxtəlif beynəlxalq yarışlarda çoxsaylı uğurlar qazanması dövlətin idmana diqqət və qayğısının nəticəsidir. Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbulu zamanı bəyan etdiyi kimi, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir.
Qeyd etdiyimiz kimi Azərbaycanda idmanın inkişafına hərtərəfli diqqət və qayğı göstərilir. Əksər sahələrdə idmançılarımız bunun əvəzini verir, çoxsaylı uğurları ilə çəkilən zəhmətin hədər getmədiyini isbatlayır. Lakin təəssüflər olsun ki, bu xoş sözləri futbol haqqında deyə bilmirik. Düzdür, “Qarabağ”ın beynəlxalq yarışlardakı qələbələri bizə azacıq da olsa futbolun gələcəyinə ümidlə baxmağa kömək edir. Amma futbol üzrə milli yığma komandamız haqqında hələlik nikbin əhval-ruhiyyədə ola bilmirik.
Bəs bu uğursuzluq tilsimini necə qırmaq olar?
Bəzi idman ekspertlərinin qənaətinə görə Azərbaycanda futbolun inkişafı üçün qardaş təcrübəsi dadımıza çata bilər. Söhbət Türkiyədə futbolun inkişafı praktikasının Azərbaycanda da tətbiqindən gedir. Elə Bakı Karagümrük Uşaq Futbol Məktəbinin yaradılması da bu istiqamətdə atılmış addımlardan biridir.
Bayraqdar.info olaraq gələcəyin futbol ulduzlarının yetişdirilməsini qarşısına məqsəd qoyan məktəbin bir məşq günü əsasında hazırladığımız reportajı oxucularımıza təqdim edirik.
“Ən yaxşıları və ən bacarıqlıları seçməli” prinsipi əsas götürülməldir
Reportajımıza məktəbin rəhbəri Salman Atluxanovdan bəzi suallara cavab almaqla başladıq. Öncə “Karagümrükspor” komandası ilə əlaqələrinin necə yaranmasına dair sualı cavablandıran S.Atluxanov, “5 il Türkiyənin müxtəlif futbol klublarında oynamışam. 2016-cı ildə oynadığım “Kuşadasıspor” futbol klubunun məşqçisi “Karagümrükspor”a koordinator keçdi və bir müddət sonra o, məni bu klubun baş koordinatoru ilə tanış etdi. Söhbət zamanı bəlli oldu ki, “Karagümrükspor” Azərbaycanda təmsilçilik, o cümlədən uşaq futbol məktəbi açmaq niyyətindədir. Mənə Azərbaycan üzrə təmsilçi olmaq təklifi edildi. Öncə tərəddüd etsəm də, sonra təklifi qəbul etdim və Vətənə dönərək bu məktəbin yaradılmasına rəhbərlik etdim” dedi.
Onun sözlərinə görə, razılıq verməsində məqsəd həm də Azərbaycanda uşaq futbolunun inkişafı istiqamətində dövlətin gördüyü işlərə dəstək verməkdir: “Bu bir həqiqətdir ki, futbolumuz dövlətin göstərdiyi diqqət və qayğıya adekvat olaraq lazım olan uğuru qazana, ən azı futbol üzrə milli yığma komandamız xalqımızı, azarkeşlərimizi sevindirə bilmir. Xaricdən dəvət edilən məşqçilər bunun bir səbəbi kimi yerli güclü futbolçuların azlığını göstərirlər. Hesab edirəm ki, bu boşluğu doldurmağın yolu uşaq futbolunu inkişaf etdirməkdən, bu sahədə var gücümüzlə çalışmaqdan keçir. Qənaətim budur ki, Azərbaycanda uşaq futbolunun inkişafı istiqamətində addımlar atılarkən “ən yaxşıları və ən bacarıqlıları seçməli” prinsipi əsas götürülməldir. Bu işdə hər kəsin fəal olması vacibdir. Bakı Karagümrük Uşaq Futbol Məktəbi də məhz bu məqsədlə yaradılıb”.
Gələcəyin futbol ulduzları bu uşaqların arasından çıxacaq
Bildirildi ki, 2021-ci il iyulun 1-dən rəsmən fəaliyyət göstərən, avqust ayından isə məşqlərə başlanılan məktəbdə 30-dan çox uşaq futbolun sirlərini öyrənir: “İki yaş qrupu üzrə (2007-2009 və 2010-2011-ci illər) məşqlər zamanı həm də Türkiyə təcrübəsindən yararlanaraq bu uşaqların içərisindən ən yaxşılarını seçməyə çalışırıq. Bəllidir ki, əksər uşaqlar kiçik yaşlarından futbola meylli olurlar. Lakin bu heç də top qovan hər bir uşağın gözəl futbolçu olacağı anlamına gəlmir. Ona görə də biz uşaqlarda futbola olan meyli, istəyi düzgün dəyərləndirərək zərgər dəqiqliyi ilə hərəkət edir, həm uşaq futbolunun inkişafına, həm də uşaqların mənəvi və fiziki inkişafı işinə öz dəstəyimizi verməyə çalışırıq. Bunda iddialıyıq ki, gələcəyin futbol ulduzları məhz bu uşaqların arasından çıxacaq”.
“Təbii ki, həm bu məktəbin, həm də bizə bu yolda işıq tutan “Karagümrükspor”un rəhbərliyinin əsas hədəfi gələcəyin futbol ulduzlarının yetişməsinə dəstək olmaqdır. Kimsəyə sirr deyil ki, uşaqlıqdan futbol oynayan, yaxud klublarda məşq edənlərin heç də hamısı sona qədər davam edib futbolçu olmur. Ən əsası, davam edənlərin də hamısı yüksək peşəkarlığa malik olmur. Bax, bizim məktəbin əsas missiyası burada özünü göstərir. Biz o fərqlənib axıra qalan yaxşılar içərisindən də ən yaxşı bir, yaxud iki uşağın seçilməsinə, Türkiyədə onların baxışa təqdim edilməsinə dəstək oluruq. Sual edə bilərsiniz ki, bəs sonra? Cavabı deyim. Türkiyədə baxışdan uğurla keçən azərbaycanlı uşaq orada yüksək səviyyədə yetişdirilir, sonra isə xarici ölkələrin futbol klublarına transfer edilir. Bununla da biz peşəkar bir futbolçunun yetişməsinə təkan vermiş oluruq”, – deyə S. Atluxanov bildirib.
Onlar Azərbaycan futbol məktəbinin yetirməsi kimi tanınacaqlar
“Bəs bundan Azərbaycan futbolunun qazancı nə olacaq” sualına isə cavab belə oldu: “Bu sualla tez-tez rastlaşırıq. Əminəm ki, bayraqdar.info-da dərc edilən bu reportajdan sonra hər kəsə aydınlıq gələcək. Bizim məktəbdə yetişən, fərqlənən, sonra isə Türkiyədə peşəkar səviyyədə futbolçu kimi yetişdirilərək gələcəkdə xarici futbol klublarına transfer ediləcək hər bir gənc ilk növbədə azərbaycanlıdır. Onlar harada oynamalarından aslı olmayaq Azərbaycan futbolunun yetirməsi kimi tanınacaqlar. İkincisi, hər il Türkiyədə keçirilən kamplara aparacağımız uşaqlar orada müxtəlif yerlərdən gəlmiş komandalarla oynayaraq peşəkarlıq dərəcələrini daha da artırmış olacaqlar. Bu kamplarda iştirak hüququ qazanan uşaqlar burada, yəni Bakıda məşqə gələn digər uşaqlar üçün də stimul rolunu oynayırlar. Ən əsası, bütün mərhələlərdən uğurla keçənlər, yəni gələcəkdə ayrı-ayrı tanınmış klublarda oynamaq xoşbəxtliyi qazananlar Azərbaycanın milli yığma komandasının bacarıqlı üzvləri kimi gələcək uğurlarımızda öz sözlərini deyəcəklər. Burda bir haşiyə də çıxmaq istəyirəm. Türkiyəyə getməyib burada qalacaq gənc futbolçularımızın da öz növbəsində yerli klublarımızın aparıcı təmsilçiləri kimi ön sırada olacaqlarına kimsə şübhə etməsin. Çünki biz söz vermirik, iş görürük”.
Topu qovmaq asandır, amma ayaqda saxlamaq çətin
“Məqsədimiz, bir daha deyirəm ki, Azərbaycan futbol məktəbinin inkişafına dəstək vermək, bu işdə qardaş Türkiyənin təcrübəsindən yararlanmaqdır. Uşaqları təkcə fiziki deyil, həm də psixoloji baxımdan yetişdirmək üçün çalışırıq. Onlara deyirik ki, topu qovmaq asandır, amma ayaqda saxlamaq çətin. Topu ayaqda saxlamaq üçün yüksək texnikalı, peşəkar, o cümlədən idman qaydalarına uğyun bir idmançı kimi yetişməlisən. Gələcəkdə futbolda uğur qazanmaq istəyən uşaqlar bunu unutmamalıdırlar”, – deyə müsahibimiz vurğuladı.
Bu yerdə məşqçi Afin Bağırov söhbətə qoşulur: “Hər kəs bilməlidir ki, əgər 30 uşaq məşqə gəlirsə, onlardan ən yaxşı halda 3-ü peşəkar futbolçu kimi yetişir. Amma təbii ki, bu cür məşqlər həm də uşaq və gənclərin sağlam böyüməsinə, pis vərdişlərdən uzaq qalmasına dəstək olur. Məktəbimizin digər uşaq futbol məktəblərindən fərqi odur ki, biz qısa müddətli yox, uzun müddətli hədəfləri nəzərdə tuturuq. Bu hədəflərdən biri də uşaqların təkcə bacarıqlı idmançı kimi deyil, həm də bilikli yetişməsini təşviq etməkdir. Bəzən belə bir yanlş fikir eşidilir ki, yaxşı idmançısansa bu yetərlidir, ali təhsil almasan da olar. Birmənalı olaraq deyirəm ki, bu iddialar tamamilə əsassızdır. İdmanda uğur qazanmağın bir yolu da savadlı, zəkalı olmaqdan keçir. Futbolçu zəkalı olmaldır ki, hər saniyə doğru qərar qəbul edə bilsin”.
Nəhayət gəlirik məşq edən uşaqlar arasında gələcəyinə ümudlə baxılanların olub-olmaması məsələsinə. “Əlbəttə ki, var. Məhz buna görə də fəaliyyətə başlamağımızın bir ili tamam olmadan kampa uşaqlar aparmağa qərar vermişik”, – deyə, S.Atluxanov əlavə etdi.
Onlar peşəkar futbolçu kimi uğur qazanmaq üçün qərarlıdırlar
Sonda onu da qeyd edək ki, S.Atluxanov və A.Bağırovla söhbətdən sonra izlədiyimiz məşqdə uşaqların necə həvəsli olduğunu müşahidə etdik. Eyni zamanda məşq arası imkan tapıb öz bacarıqları ilə daha çox fərqlənən uşaqların bir neçəsi ilə qısa söhbət etdik.
Kiçik qardaşı Vaqiflə birgə məşqlərə gələn Əhməd Qafarov dedi ki, 7 aydır burada məşq edir. Məşqçilərin təqdirini qazanan Ə.Qafarov qapıçıdır: “Məşqlərin ilk aylarından etibarən qarşıma məqsəd qoydum ki, peşəkar qapıçı kimi yetişib gələcəkdə Azərbaycan və dünya futbolunda öz sözümü deyim. Yəni dərslərimi yaxşı oxumaqla yanaşı futbolçu karyeramı inkişaf etdirmək istəyirəm. Çalışıram ki, bir müddət sonra Türkiyəyə baxışa aparılacaq heyətdə yer alım və orada öz bacarığı ilə fərqlənənlərdən biri olum. Ümid edirəm ki, Azərbaycan futbolu gələcəkdə Əhməd Qafarov kimi məhşur qapıçı ilə fəxr edəcək”.
Məşqlərdə fərqlənən Füzuli Musayev 6 aydır ki, məşqlərə gəlir. Füzuli də gələcəkdə peşəkar futbolçu olmaq niyyətindədir: “Gələcəkdə peşəkar futbolçu kim Avropa klublarında oynamaq istəyirəm”.
Bu qrupda məşq edən İsa İsmayılov öncə məşqlərdən razı qaldığını dedi. “Məşqçilərimiz yaxşı bir futbolçu kimi yetişməyimiz üçün çalışır, bizə həm idman, həm də digər sahələrlə bağlı məsləhətlər verirlər. Təbii ki, əsas fikir də o olur ki, biz futbolla yanaşı dərslərimizə də dərindən diqqət ayırmalıyıq”.
İlham Mehdizadənin “Biz peşəkar futbolçu kimi yetişmək istəyirik. Əminəm ki, buna nail olacağıq. Bunun üçün futbolun sirlərini öyrənməklə yanaşı dərslərimizə də xüsusi diqqət ayırırıq”, sözləri bu uşaqların gələcəkdə peşəkar futbolçu kimi tanınmaqda qərarlı olduqlarını bir daha sübut edir.