Press "Enter" to skip to content

Diplomatdan liderlərin Brüssel görüşüylə bağlı dəyərləndirmə

Huluci Kılıç

Son yeniləmə: 11 Aprel 2022 19:00

Hulusi Kılıç: Brüssel görüşü Azərbaycanın yaratdığı yeni reallıqlar əsasında baş tutdu

Bayraqdar.info – “Vətən müharibəsində qalib gələn Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə özündə həm ümumilikdə regionun, həm də ayrı-ayrılıqda region ölkələrinin mənafeyinə xidmət edən məqamları əks etdirir. Elə aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüş də bu reallıqlar əsasında baş tutdu”.

Bunu bayraqdar.info-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.

Brüssel görüşünü bayraqdar.info üçün dəyərləndirən H.Kılıç deyib ki, bu görüşdə Prezident İlham Əliyev masaya qələbə qazanmış bir lider kimi oturdu və görüş Azərbaycanın növbəti uğuru kimi tarixə düşdü.

Onun sözlərinə görə, Ermənistan bu görüş ərəfəsində yenidən bəzi təxribatlara əl atsa da sonunda ona təqdim olunan 5 bəndlik baza prinsiplərini qəbul etdi: “Azərbaycan qalib ölkə kimi ağır şərtlərlə çıxış edə bilərdi. Lakin növbəti dəfə sülhsevər və regionun sabitlik əsasında tərəqqisində maraqlı ölkə olduğunu nümayiş etdirərək Ermənistan tərəfinə münasibətlərin normallaşması üçün 5 bəndlik baza prinsipi təqdim etdi. Elə Brüssel görüşündəki müzakirələr də məhz bu prinsiplər əsasında aparıldı. Bir sözlə, Brüssel görüşü Azərbaycanın istədiyi kimi keçdi. Yəni sülh müqaviləsinin hazırlanması və imzalanması üçün prosesin əsası qoyuldu”.

Keçmiş səfir onu da bildirib ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır və Azərbaycanın atdığı hər addımı dəstəkləyir: “Bundan sonra da eyni mövqe sərgilənəcək. Bildiyiniz kimi, hazırda Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşma prosesi istiqamətində danışıqlar davam edir. Amma Ermənistan tərəfi başa düşməlidir ki, bu proses Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi ilə paralel davam edəcək. Bir sözlə, əgər Ermənistan düşdüyü girdabdan xilas olmaq istəyirsə Azərbaycanın və Türkiyənin uzatdığı sülh əlini tutmalı, işğalçı, terrorçu, revanşist addımlardan əl çəkməlidir”.

Mission News Theme by Compete Themes.