Press "Enter" to skip to content

“TEKNOFEST Azərbaycan” festivalı AMEA üçün böyük innovativ imkanlar açır

"TEKNOFEST"

Son yeniləmə: 9 Aprel 2022 16:15

Bayraqdar.info – “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-nın elmi müəssisələrinin iştirakı məsələsinə həsr olunmuş növbəti onlayn müşavirə keçirilib.

Bu barədə bayraqdar.info – AMEA-dan məlumat verilib.

“AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov müşavirədə “TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək sərgidə iştirakı nəzərdə tutulan AMEA-nın elmi müəssisələrinin təqdim edəcəkləri layihələrin əhəmiyyətli texnoloji yeniliklər olduğunu bildirib, akademiyada aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan, rəqabətədavamlı, intellektual texnoloji məhsulların nümayişinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Akademik Arif Həşimov təqdim olunacaq bu layihələrin sərgi iştirakçıları arasında böyük maraq doğuracağına əmin olduğunu qeyd edib, sərgidə iştirak edəcək institut və təşkilatlara uğurlar arzulayıb.

“Daha sonra AMEA-nın vitse-prezidenti, AMEA-nın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupun sədri akademik Rasim Əliquliyev çıxış edərək sərgidə akademiyanın elmi müəssisələrinin yüksək səviyyədə təmsil olunması üçün həyata keçirilən tədbirlərdən bəhs edib, bu məqsədlə müvafiq dövlət qurumları, məsul şəxslər, ayrı-ayrı təşkilatlarla əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu mötəbər tədbirdə AMEA-ya göstərilmiş böyük etimadın nəticəsi olaraq ayrılmış pavilyonda akademiya AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 5 institutu və AMEA Yüksək Texnologiyalar Parkının 5 rezidentinin təklif etdiyi layihələrlə təmsil olunacaq.

“Akademik Rasim Əliquliyev AMEA-da yaradılmış mərkəzləşdirilmiş komissiya tərəfindən mütəmadi olaraq, sərgidə iştirakla bağlı görülən işlərə dair müzakirələrin keçirildiyini, monitorinqlərin aparıldığını vurğulayıb. O, sərgidə yer alacaq AMEA pavilyonunun strukturunun və konsepsiyasının müəyyənləşdirilməsi, qoyulmuş tələblərə uyğunlaşdırılması, texniki parametrləri və s. ilə bağlı məsələlərin vacibliyindən danışıb, bu istiqamətdə işlərin sürətləndirilməsinin önəmini qeyd edib. Alimin sözlərinə görə, akademiyada təqdim olunmuş məhsul və layihələrin sərgidə dörd gün ərzində nümayişi nəzərdə tutulur.

“AMEA-nın bu istiqamətdə həyata keçirilən PR siyasəti ölkədə gedən proseslərə adekvat olmalıdır”, – deyən vitse-prezident sərgidə AMEA-nın iştirakı ilə bağlı məsələlərin yüksək səviyyədə təşkilinin də əhəmiyyətli məsələlərdən olduğuna diqqət çəkib. Akademik Rasim Əliquliyev AMEA-da həyata keçirilən innovativ fəaliyyətin, böyük intellektual potensialın geniş şəkildə işıqlandırılması üçün press-relizlərin, reportaj və müsahibələrin hazırlanması və onların müxtəlif xarici dillərə tərcümə olunmasının vacib məsələlərdən olduğunu qeyd edib.

“Sonra sərgidə iştirak üçün təkliflər təqdim etmiş elmi müəssisələrin nümayəndələri çıxış edərək AMEA üçün ayrılmış pavilyonda təqdim olunacaq layihələrin texniki tələbləri haqqında məlumat veriblər.

“Daha sonra AMEA-nın vitse-prezidenti xidmətinin elmi katibi dosent Hikmət Quliyev çıxış edərək martın 11-də AMEA Rəyasət Heyəti tərəfindən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-nın iştirakı ilə bağlı qəbul olunmuş qərar layihəsinə əsasən tədbirlər planının hazırlandığını xatırladıb. O, sərgiyə hazırlıq işlərinin 3 istiqamətdə – sərgiyə qədər, sərgi dövründə və sərginin keçirilməsindən sonrakı mərhələlər üzrə aparıldığını qeyd edib. Elmi katib festivalın məsul qurumları və şəxsləri ilə fəal şəkildə çalışdıqlarını bildirib, AMEA-nın pavilyonunun elektrik təchizatı sxemi və ümumi konsepsiyasının hazırlanması istiqamətində işlərin yekunlaşdırıldığını diqqətə çatdırıb. Hikmət Quliyev sərgidə AMEA tərəfindən həm fiziki məhsulların, həm də monitorlar vasitəsilə layihələrin virtual nümayiş olunacağını bildirib. Əlavə edib ki, AMEA üçün ayrılmış pavilyonda akademiyadan məsul şəxslərdən ibarət heyət iştirak edəcək və onların “TEKNOFEST Azərbaycan” tərəfindən yaradılmış xüsusi sistemdə qeydiyyatı aparılacaq.

“O, kompüter və monitor təminatı ilə bağlı həyata keçiriləcək işlərin ümumi konsepsiyada öz əksini tapdığını söyləyib. Həmçinin AMEA-nın bu mötəbər sərgidə iştirakı ilə bağlı PR işlərinin yüksək səviyyədə təşkil olunacağını, foto və videomateriallardan ibarət hesabatların hazırlanacağını diqqətə çatdırıb.

“Tədbirə yekun vuran akademik R.Əliquliyev müşavirədə əhəmiyyətli məsələlərə toxunulduğunu, layihələrin icra vəziyyəti ilə bağlı dəqiq mənzərənin əldə olunduğunu, eyni zamanda, AMEA-nın sərgidə iştirakı ilə bağlı maddi-texniki və digər tələblərin müəyyənləşdirildiyini diqqətə çatdırıb”, – deyə məlumatda deyilir.

Mission News Theme by Compete Themes.