Son yeniləmə: 9 Aprel 2022 10:30
Bayraqdar.info – Qapalı məkanlarda maska qadağasının götürülməsi ilə bağlı məsələyə baxılır. Bunu səhiyyə naziri Teymur Musayev deyib. O, vətəndaşları səbrli olmağa çağırıb.
“Aydındır ki, yoluxma sayları kəskin azalmaqdadır. Gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur. Bütün bunları nəzərə alaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa çağırıram. 2 ildən ardıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram” – deyə nazir bildirib.
Nazir həmçinin Avropanın bir sıra ölkələrində COVID-19 infeksiyasının yeni ştamlarına yoluxma sayındakı artım məsələsinə də toxunub: “Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştamlar peyda olub. Bu səbəbdən hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını öncədən bilmək olmur. Sevindirici haldır ki, “Omikron” ştamından sonrakı bir neçə növdə yoluxduruculuq zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı demək olar ki, çox nadir hallarda baş verir. Ümid edirik ki, pandemiya sona doğru gedir”.