Press "Enter" to skip to content

İnklüziv məkanda fərqli yaradıcılıq imkanları nümayiş olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 9 Aprel 2022 16:00

Bayraqdar.info – Autizmli uşaqların yaradıcı potensialının dəstəklənməsi məqsədilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən “Fərqliliyə qucaq aç!” tədbiri uşaqların həm də fərqli imkanlara – istedad və bacarıqlara malik olduqlarını cəmiyyətə nümayiş etdirməsi ilə yadda qaldı.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, tədbirdəki çıxışında da nazir Sahil Babayev ölkədə bu kateqoriyadan olan insanlara diqqət və qayğıdan bəhs edərək, autizmli uşaqların cəmiyyətə inteqrasiyasında belə tədbirlərin ardıcıl və getdikcə daha əhatəli xarakter almasının əhəmiyyətini vurğuladı.

Tədbir boyu iştirakçılar özü də autizmli olan Hüseynin aparıcılıq qabiliyyətinin şahidi oldular. Mərkəzdə yeni yaradılan inklüziv kamera orkestrinin yaddaqalan konsert proqramından, təqdim edilən klassik musiqilərdən, xüsusilə görmə məhdudiyyətli Fərid Abdullayevin tarda ifa etdiyi musiqidən zövq aldılar.

“Görmə məhdudiyyətli şəxslər Xaliq Şərifovun, Seymur Əliyevin, Nurlan Əhmədovun, Səbinə Əsgərovanın və b. ifaları, autizm spektrlı Əlisahib Bayramovun solo piano ifası və s. yaradıcılıq nümunələri, Əli və İsmayılın, kapoeyra təlimçiləri Asya və Çingizin təqdimatında kapoeyra teatral nömrəsi tamaşaçılara xoş duyğular yaşatdı.

“Autizmli uşaqların Mərkəzdə hazırladıqları rəsm əsərləri, keramika məhsullarından ibarət satış-sərgisi də izləyicilərdə böyük marağa səbəb oldu. Həmin kateqoriyadan olan uşaqların təqdim etdiyi “Qırmızı papaq” inklüziv tamaşası isə alqışlarla qarşılandı. İştirakçılar autizmli uşaqların hazırladığı şirniyyat növlərini də çox bəyəndilər.

“Beləliklə, sağlamlıq imkanları məhdud insanlar inklüziv məkanda fərqli imkanlarını, sağlamlıq imkanları məhdud olsalar da yaradıcı imkanlarının genişliyini bir daha cəmiyyətə nümayiş etdirdilər.

“Xatırladaq ki, tədbirdə hökumət üzvləri, ombudsman, dövlət təşkilatlarının rəhbər şəxsləri, millət vəkilləri və QHT-lər, tanınmış incəsənət xadimləri iştirak edib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.