Son yeniləmə: 9 Aprel 2022 12:05
Telman Nüsrətoğlu: Bunun əksi isə Ermənistan dövlətinə və erməni xalqına daha ağır fəlakət vəd edir
Bayraqdar.info – “Azərbaycan bütün parametrləri və güc mərkəzlərini diqqətə alaraq siyasət həyata keçirir. Bu, yeni dünya düzənində cərəyan edən proseslərlə, geosiyasi vəziyyətlə üst-üstə düşən bir siyasətdir. Məhz bu fonda Ermənistanla mümkün sülh sazişinin imzalanması istiqamətində Azərbaycanın ortaya qoyduğu mövqeyə nəzər yetirmək yerinə düşər”.
Bunu aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü bayraqdar.info üçün dəyərləndirən tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan regionda daimi sülhün və sabitliyin əldə olunmasının ilkin şərti kimi ölkələrin ərazi bütövlüyünün tanınmasının vacibliyini bəyan edib: “Rəsmi Bakı haqlı olaraq bəyan edir ki, Ermənistanla Azərbaycan arasında sülhün imzalanması, regionda sabitliyin təmin olunması üçün qarşılıqlı şəkildə ölkələr – yəni Ermənistan və Azərbaycan ərazi bütövlüklərini tanımalıdırlar. Eyni zamanda, Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasının yolu da bu prinsipdən keçir. Yəni bu gün Ermənistan sivil, beynəlxalq hüquqa söykənən əlaqələr qurmaq istəyirsə, o zaman absurd iddialardan əl çəkməlidir. Ermənistan yalan üzərində qurulan dövlət siyasətindən, şovinizmdən əl çəkməlidir. Təbii ki, “Daşnaksütun”un, erməni kilsəsinin bu cür şovinist, antitürk siyasətinin formalaşmasında özünəməxsus rolu var. Həmin qruplar indi də sülh prosesinə bacardıqca mane olmağa çalışırlar. Amma bu qarşısıalınmaz bir prosesdir. Əgər Ermənistan bu gün ona təqdim olunan variantla razılaşmazsa, sabah ağır şərtlər qarşısında qala bilər. Əvvəla ona görə ki, Vətən müharibəsində qalib gələn Azərbaycan regionda yeni reallıqlar yaradıb və Ermənistan bu reallıqla barışmaq zorundadır. Digər tərəfdən, Ermənistanın necə qurulduğunu onlara xatırlatmaq lazımdır. Ermənistan bir proje dövlətdir və bəlli xarici güclər ondan maşa kimi istifadə etmək üçün bizim tarixi torpaqlarımız hesabına bu dövləti yaradıblar. Bu gün Ermənistan deyilən dövlətin torpaqlarına baxanda görürük ki, bu dövlət torpaqlarının bir qismi İrəvan xanlığından qoparılmaqla yaradılıb, sonradan da Zəngəzur bizdən alınaraq onun tərkibinə qatılıb. Ermənistan bu acı gerçəkliyi unutmamalıdır. Əgər bu gün Ermənistan bizim ərazi bütövlüyümüzü tanımamaq, ərazi iddiaları irəli sürmək kimi ziyanlı xəyallara düşsə, o zaman biz də tarixi torpaqlarımız məsələsini gündəmə gətirə bilərik”.
Müsahibimiz deyib ki, bu gün bütün parametrlərdə güclü Azərbaycan faktoru önə çıxır: “Eyni zamanda, artıq Türkiyə-Azərbaycan ittifaqı yeni qlobal çaplı bir gücə çevrilib. Bunların hamısını nəzərə alanda görürük ki, Ermənistanın vaxt qazanmaq, hansısa manevrlərlə prosesi uzatmaq kimi addımları onlara heç bir divident vəd etmir. Ona görə də onlar bir an öncə öz daxillərində hesablaşmağa gedərək, revanşist qüvvələri bir növ tamamilə zərərsizləşdirərək, sülh sazişini imzalamalıdır. Çünki başqa bir yol yoxdur”.
T.Nüsrətoğlu deyib ki, bütün bunların fonunda Ş.Mişelin təşəbbüsü ilə Brüsseldə baş tutan görüş Ermənistan üçün növbəti şansdır: “Onlar yaxşı-yaxşı düşünməli, ağıllı addım atmaqda özlərində güc tapmalıdır. Bunun əksi isə Ermənistan dövlətinə və xalqına daha ağır fəlakət vəd edir”.