Son yeniləmə: 8 Aprel 2022 11:39
Seymur Ağayev: Əminəm ki, qarşımıza qoyduğumuz hədəfə çatmaqda hər bir gənc öz dəstəyini əsirgəməyəcək
Bayraqdar.info – Azərbaycanda digər sahələr kimi diaspor məsələlərinə də xüsusi diqqət yetirilir. Daha dəqiq desək, Azərbaycan uğurlu diaspor siyasəti yürüdən, diaspor quruculuğuna, həmçinin diaspor təşkilatlarına daimi diqqət və qayğı göstərən ölkələrdən biri kimi fərqlənir. Son illər diaspor quruculuğu sahəsində atılan addımlar, gənclərin önə çəkilməsi artıq diaspor təşkilatlarımızda xüsusi canlanmada, həmçinin müxtəlif ölkələrdəki soydaşlarımızın ictimai fəallığında özünü biruzə verir.
Burada gəncləri heç də təsadüfən xüsusi olaraq qabartmadıq. Məsələ burasındadır ki, son illər xaricdəki azərbaycanlı gənclərlə bağlı fəal işlər görülür. Ayrı-ayrı ölkələrdə oxuyan və işləyən azərbaycanlı gənclərin bir araya gəlməsi üçün Bakıda, həmçinin digər ölkələrin paytaxt şəhərlərində müxtəlif səpkili tədbirlərin keçirilməsi, bu tədbirlərdə onların problemlərinin, təkliflərinin dinlənilməsi, həmçinin gələcək fəaliyyətlərlə bağlı qərarların qəbulu deyilənlərin təsdiqidir.
Onu da qeyd edək ki, gənclərə göstərilən bu diqqət Azərbaycan diasporunun fəaliyyətini daha da sürətləndirir. Eyni zamanda, gənclər bundan daha da ruhlanır. Bu sadalananlar qardaş Türkiyədəki azərbaycanlı gənclərin də fəalliyyətinə müsbət təsir edib. Artıq gənclər Türkiyədə nəinki diaspor quruculuğunda bir fərd kimi iştirak edir, hətta özləri diaspor qurumları təsis edirlər.
Belə qurumlardan biri də Azərbaycanlı Tələbələr Təşkilatıdır (Azerbaycanlı Öğrenciler Derneği). 2021-ci il oktyabrın 26-da bir qrup azərbaycanlı gənc tərəfindən Tokatda təsis edilən Dərnəyin hazırda qardaş ölkənin bir neçə şəhərində təmsilçilikləri var.
Dərnəyin sədri Seymur Ağayev bayraqdar.info-ya açıqlamasında deyib ki, qurumun yaradılmasında məqsəd Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin bir araya gəlməsinə, onların qarşılaşdıqları problemlərin həllinə yardımcı olmaqdır: “Eyni zamanda, biz təkcə sıradan bir təşkilat deyil, azərbaycanlı gənclər üçün doğma ocaq, ailə olmaq iddiasındayıq. Təbii ki, bir diaspor təşkilatı olaraq eyni zamanda Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin daha da inkişafı üçün üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacayıq”.
S.Ağayev deyib ki, hazırda Tokat, Erzincan, Yozgat və Kütahyada təmsilçilikləri olan Dərnək yarandığı qısa vaxt ərzində bir sıra tədbirlər də keçirib: “Bu sırada 10 Noyabr Zəfər Günü, 20 Yanvar faciəsi, həmçinin Xocalı faciəsi ilə bağlı keçirdiyimiz tədbirləri deyə bilərik. Hazırda təşkilatlanma mərhələsindəyik. Əminəm ki, qarşımıza qoyduğumuz hədəfə çatmaqda hər bir gənc öz dəstəyini əsirgəməyəcək”.