Son yeniləmə: 8 Aprel 2022 08:54
Bayraqdar.info – Son 30 ildə Azərbaycanla Birləşmiş Krallıq arasında sağlam, sarsılmaz və möhkəm tərəfdaşlıq qurulub.
Bu barədə aprelin 7-də Azərbaycanın Londondakı səfirliyində keçirilən tədbirdə bildirilib. Mühafizəkarlar Partiyasına bağlı Xarici Siyasət Məsələləri Şurasının (Şura) üzvlərinin iştirakı ilə keçirilən mərasim Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin 30 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq baş tutub.
Bu barədə bayraqdar.info-ya aprelin 7-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, “Azərbaycan-Birləşmiş Krallıq: diplomatk münasibətlərin 30 illiyinin və möhkəm əməkdaşlığın qeyd edilməsi” başlığı altında keçirilmiş tədbirdə adıçəkilən Şuranın rəhbərliyi və 40-a yaxın üzvüiştirak edib.
Qeyd olunub ki, tədbirdə səfir Elin Süleymanov və Şuranın himayədarlarından olan, Birləşmiş Krallığın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson çıxış edib.
Səfir E.Süleymanov qonaqları salamlayaraq, səfirlik və Şura arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, ölkələrimiz arasında son 30 il ərzində təsis edilmiş çoxşaxəli və dinamik əməkdaşlığın daha da dərinləşdirmək əzmini ifadə edib.
Diplomat Azərbaycan və Birləşmiş Krallıq arasında enerji əməkdaşlığı başda olmaqla beynəlxalq təhlükəsizlik, iqtisadi-ticarət, humanitar-təhsil sahələrində faydalı əməkdaşlığın mövcudluğundan məmnunluğunu diqqətə çatdırıb. Hər iki ölkənin xüsusilə enerji sahəsində səmərəli əməkdaşlığının regionun enerji mənzərəsini dəyişdiyi vurğulanıb.
Baronessa Nikolson mart ayında diplomatik münasibətlərin 30 illiyi münasibətilə Azərbaycana faydalı səfər etdiyini bildirib. O,Azərbaycanın beynəlxalq rolunun artmasında və Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin möhkəmlənməsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolunu vurğulayıb. Azərbaycan və Birləşmiş Krallıq münasibətlərinin özünün sabitliyi ilə fərqləndiyini, ölkəmizin təşəbbüsü ilə reallaşdırılmış enerji layihələrinin əhəmiyyətinin daha da artdığını qeyd edib. Yeni qurulmuş Azərbaycan-Britaniya Ticarət Palatasının ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın dərinləşməsində rol oynayacağını nəzərə çatdırıb.
O, həmçinin hazırda Ukraynadakı vəziyyətin yaratdığı yeni şəraitdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin əhəmiyyətinin artdığını nəzərə çatdırıb. Baronessa Nikolson Azərbaycanın dostu olduğunu və ölkəmizin zəngin mədəni irsinə və incəsənətinə olan heyranlığını dilə gətirib.
“Çıxışların ardınca Şura üzvlərinin Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli əməkdaşlıq, iqtisadi imkanlar, təhsil, regional məsələlər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması imkanlarıilə bağlı sualları cavablandırılıb. Mühafizəkarlar Partiyasına bağlı olan Xarici Siyasət Məsələləri Şurası beynəlxalq və xarici siyasət məsələlərinə maraq göstərən mühafizəkarları bir araya gətirən platforma kimi fəaliyyət göstərir. Şuranın himayədarlar şurasında Mühafizəkarlar partiyasının sabiq nüfuzlu nümayəndələri, o cümlədən baş nazirlər, xarici işlər nazirləri və tanınmış siyasi xadimlər təmsil olunur”, – deyə sonda qeyd edilib.