Son yeniləmə: 8 Aprel 2022 12:49
Bayraqdar.info – Aprelin 7-də saat 21:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində üç nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə olunub. Sərhəd pozucularının hərəkəti nəzarətə götürülüb.
DSX və Baş Prokurorluğun mətbuat xidmətlərinin bayraqdar.info-ya daxil olan birgə məlumatında bildirilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər.
Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilib, sərhəd pozucularından biri zərərsizləşdirilib, digəri saxlanılıb, bir nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənib. Hazırda onun saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, iki ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram marixuana, 10650 qram heroin, 85 qram tiryək, 4080 qram metamfetamin) və 300 ədəd “metadon 40” psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.
Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
Qeyd edilən faktla bağlı cinayət işi başlanılıb, hazırda Baş Prokurorluq və DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.