Press "Enter" to skip to content

Rusiya vağzalı bombaladı, əməlini Ukraynanın ayağına yazdı

Kramatorsk vağzalı raket atəşindən sonra

Son yeniləmə: 8 Aprel 2022 15:00

Bayraqdar.info – Aprelin 8-də Ukraynaya təcavüz edən Rusiya silahlı qüvvələri Kramatorsk şəhərinin dəmiryol vağzalını “Toçka U” raketi ilə vurub. Nəticədə şəhərdən çıxıb getməyə hazırlaşan ən azı 35 dinc sakin həlak olub, yaralıların sayı dəqiqləşdirilir.

Xəbəri hadisə yerində olan şahidlər, eləcə də müstəqil media mənbələri yayıb.

Yayımlanmış görüntülərdən də bəlli olur ki, həlak olan şəxslər əllərində böyük bağlamalarla vağzalda qatar gözləyənlər olub. Onların arasında əsasən qadınlar, yaşlılar və uşaqların olduğu bildirilir.

Maraqlıdır ki, hadisə baş verdikdən dərhal sonra Rusiya rəsmi təbliğatı olanları Ukraynanın üzərinə atmağa girişib. Məlum və məşhur Sputnik açıq ifadəylə Ukrayna Silahlı Qüvvələrinin Kramatorsk vağzalını raket atəşinə tutduğunu iddia edib.

Əlbəttə, Sputnik və bənzər Rusiya təbliğat vasitələrinin belə davranması təəccüblü deyil. Çünki heç kim olmasa da biz azərbaycanlılar Moskvanın iyrənc təbliğat maşınının necə işlədiyini yaxşı bilirik. Çünki öz üzərimizdə görmüşük. Özü də uzun illərdir.

1990-cı ilin 20 yanvar gecəsi Bakıya təcavüz edən rus və erməni silahlılarını da bir zamanlar belə təmizə çıxarmağa çalışırdı Moskva. Yaxud da 1992-ci ilin 26 fevralında Xocalıda törədilən soyqırımı Rusiya təbliğatı bizim öz üzərimizə yıxmağa çalışırdı. İndi də Kramatorsk rəzalətini eyni qaydada Ukraynanın üzərinə atacaq qədər əxlaqsızdır bunlar!

Rusiya öz iyrənc təbliğatını planlarkən bir məsələni davamlı şəkildə unudur: dünya o dünya deyil artıq. Rusiyanın qarşısına aldığı da 1990-cı illərin Azərbaycanı deyil, Avropanın bir parçası olan Ukraynadır. Eyni zamanda indi yeni informasiya texnologiyaları dövrüdür və heç kimi aldatmaq mümkün deyil. Çünki ən adi informasiyanın belə minlərlə şahidi bir anda onu dünyaya yayır, gerçəkləri göstərir.

Bütün bunlar bir yana. Ukrayna nədən öz nəzarətində olan bir şəhərdəki dinc insanları bombalasın ki? Axı burda bir məntiq yoxdur. O baxımdan Rusiya çirkin təbliğatında bir daha ilişdi, qazdığı quyuya yenə də özü düşdü…

Mission News Theme by Compete Themes.