Son yeniləmə: 8 Aprel 2022 16:19
Bayraqdar.info – Aprelin 7-də Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən bayraqdar,info-ya verilən xəbərdə bildirilir ki, Memorandumu mədəniyyət naziri Anar Kərimov və Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Memorandumun məqsədi işğaldan azad olunan ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpası, yenidənqurulması və qorunması, işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına, inkişafa və nəticədə bu ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir.
Anlaşma Memorandumunda işğaldan azad olunan ərazilərdə bərpaya ehtiyacı olan tarixi və mədəni obyektlərin real vəziyyətinin təhlili, tarixi və bədii maraq baxımından, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən daşınar və ya daşınmaz mədəni irsin bərpası və yenidənqurulması, mədəniyyət müəssisələrinin tikintisi sahəsində dövlət-özəl tərəfdaşlığı mexanizminin hazırlanması, təşviqatı və inkişaf etdirilməsi, bu ərazilərdə yaradıcı sənayelərin formalaşması prosesinin təşviqi və dəstəklənməsi kimi məsələlər əhatə olunub.
Razılaşmada eyni zamanda, tarix-memarlıq və arxeoloji abidələrin tədqiqatının, mütəxəssis qrupları tərəfindən abidələr üzrə təhlilin aparılması, təhlil və tədqiqatlar əsasında elmi nəşrlərin təşkili, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bölgənin tarixi, mədəniyyəti, adət-ənənələri və digər dəyərlərinə həsr olunan, o cümlədən Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı və 2024-cü ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar birgə layihələrin həyata keçirilməsi öz əksini tapıb.
Qeyd olunmalıdır ki, işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi, ianələrin cəlb edilməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır.
Bu əməkdaşlıq çərçivəsində Azərbaycan cəmiyyətinin və diasporun geniş dairələrini bərpa və yenidənqurma işlərinə cəlb etmək, onlarda iştirakın zəruriliyi hissini formalaşdırmaq, erməni işğalı nəticəsində Qarabağa dəyən zərər haqqında məlumatlandrmaq məqsədilə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin aparılması, ianə mədəniyyətinin təbliği kimi əhəmiyyətli məsələləri də əhatə edəcək.
Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərin bərpası, yenidənqurulması, sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdə əhəmiyyətli rol oynayacağını ifadə ediblər.