Press "Enter" to skip to content

İsrail-Azərbaycan əməkdaşlığı qarşılıqlı etimada əsaslanır

Son yeniləmə: 8 Aprel 2022 14:44

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İsrailin turizm naziri ilə görüşüb

Bayraqdar.info – İsrail dövləti və Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq və ikitərəfli strateji tərəfdaşlıq münasibətləri var”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşdə deyib. Komitə sədri bu tərəfdaşlığın Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında çoxəsrlik dostluq münasibətlərinə söykəndiyini, eyni zamanda ABŞ və Avropadakı Azərbaycan və yəhudi icmaları arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.

DİDK-dən bayraqdar.info-ya aprelin 8-də verilən məlumata görə, Komitə sədri ölkəmizin uğurlu diaspor siyasəti, Komitənin həyata keçirdiyi layihələr, İsrail və Azərbaycan diasporları arasındakı əməkdaşlıq imkanları barədə məlumat verib.

Komitə sədri İsraildəki Azərbaycan diasporunun keçirdiyi tədbirlərdə fəal iştirak etdiyi üçün nazirə təşəkkür edib. F.Muradov Prezident İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk” fikrini xatırladaraq diqqətə çatdırıb ki, müxtəlif xalqların və dinlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Səmimi qəbula görə təşəkkür edən Yoel Razvozov Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin 30-cu ildönümünün tamam olduğunu və dövlətlərarası əməkdaşlığın bütün sahələrdə yüksək səviyyədə uğurla davam etdiyini bildirib. Nazir həmçinin Azərbaycandakı yüksək tolerantlıq səviyyəsindən, yəhudi icmasına olan qayğıdan, dini və mədəni fəaliyyət üçün yaradılan şəraitdən məmnunluq hissi keçirdiyini biıldirib.

Qonaq buna görə Azərbaycan Prezidentinə təşəkkür etdiyini söyləyib. Y.Razvozov İsraildə də Azərbaycan icmasının fəal olduğunu, ölkənin ictimai həyatına inteqrasiya etdiyini, iki xalqın dostluq münasibətlərinin daimi olacağına inamını ifadə edib.

Mission News Theme by Compete Themes.