Press "Enter" to skip to content

Brüsseldə Bakı havası

Millət vəkili Musa Quliyev

Son yeniləmə: 8 Aprel 2022 13:53

Musa Quliyev, Milli Məclisin deputatı

Bayraqdar.info – Aprelin 6- da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti  Şarl Mişelin təşkilatçılığı ilə keçirilən üçtərəfli görüş Azərbaycanın növbəti diplomatik uğuru kimi yadda qalacaq.

Azərbaycanın müzəffər lideri İlham Əliyev həmişəki kimi təmkinli, özünə inamlı və qürurlu idi. Hər kəs gördü ki, Brüssel görüşündə masada olan Azərbaycanın təklifləridir, görüşün formasını da, mahiyyətini də, tonunu da Azərbaycan diqtə edir.

Prezident İlham Əliyevin  irəli sürdüyü baza prinsiplərinə əsaslanan 5 təklif Brüssel müzakirələrinin  gündəmi oldu. Əsas razılaşmalar da bu istiqamətdə əldə edildi:

 – sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün işçi qruplarının  tezliklə yaradılması;
– kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması istiqamətində razılaşmanın əldə edilməsi;
– suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması təklifinə Ermənistan tərəfin etiraz etməməsi.

Brüssel görüşünün əsas nəticələrindən biri odur ki, bölgədə davamlı sülh prosesi üçün getdikcə möhkəmlənən etimad mühiti yaranmaqdadır.

Rusiya ilə yanaşı Avropa İttifaqı da Azərbaycanın ədalətli qələbəsini qəbul edir və münaqişənin həllinin son mərhələsinə öz töhfələrini vermək istəyir.

Ermənistan Baş nazirinin Azərbaycanın təkliflərinə açıq mətnlə etiraz etməməsi də diqqətdən qaçmamalıdır və bu fakt artıq Paşinyanın və erməni ictimaiyyətinin reallıqla barışmaq zorunda olduğunun göstəricisi kimi qiymətləndirilməlidir.

Brüssel görüşü İrəvandakı revanşistlərə və Xankəndidəki separatçı tör-töküntülərinə çox sərt, həm də sonuncu xəbərdarlıq oldu: bölgədə ab-havanı Azərbaycan müəyyən edir, sabahkı aqibətiniz davranışınızdan asılı olacaq və davranışlarınızı bölgənin lideri İlham Əliyevin addımlarının ritminə uyğunlaşdırmağa məcbursunuz!

Gələcək əmin-amanlığınız və rahatlığınız Azərbaycan bayrağının kölgəsində olacaq. Bu torpaqlarda bundan sonra başınızı yuxarı qaldıranda bayaqlarımızı və Bayraqdarlarımızı görməyə alışmaqdan başqa yolunuz yoxdur.

Brüssel müzakirələri həm də onu göstərdi ki, Avropa hələ azərbaycanca danışa bilmir, amma azərbaycancanı eşidir, başa düşməyə , dərk etməyə çalışır.

Üçtərəfli görüşdən sonrakı brifinqdə Şarl Mişelin, -“artıq davamlı sülh prosesi başlayıb”-, dediyini eşidəndə sövq-təbii böyük şairimizin sözləri yadıma düşdü:

Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi
Qarabağın şikəstəsi…

Mission News Theme by Compete Themes.