Son yeniləmə: 8 Aprel 2022 11:05
Eldəniz Abbaslı: Əfqanıstandakı soydaşlarımızın həyatı təhlükə altındadır
Bayraqdar.info – “Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra orada yaşayan soydaşlarımızın həyatı təhlükə altındadır”.
Bunu bayraqdar.info-ya Bütöv Azərbaycan Ocaqları (BAO) Mətbuat Xidmətinin rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Eldəniz Abbaslı bildirib.
Əfqanıstandakı soydaşlarımızn çətin durumda olduğunu deyən E.Abbaslı daha sonra aşağıdakıları əlavə edib: “Məlum olduğu kimi, zamanında Nadir şahın təşəbbüsü ilə Qarabağ, Urmu və Həmədan bölgələrindən qızılbaş türkmən tayfaları Əfqanıstanın Kabil, Herat, eləcə də Qəndəhar vilayətlərinə yerləşdirilib. Araşdırma materiallarında, rəsmi sənədlərdə onlar “qızılbaş”, “Azərbaycan türkləri” kimi təqdim olunur. Aldığımız məlumata görə, Əfqanıstanda yaşayan Azərbaycan türklərinin mədəniyyət fəalları, 50-yə qədər şair və yazıçısı Taliban təhlükəsi ilə üz-üzədir”.
BAO təmsilçisi deyib ki, bugünlərdə Əfqanıstanda yaşayan Azərbaycan türkləri sosial şəbəkələr vasitəsi ilə video paylaşaraq Azərbaycan dövlətindən Əfqanıstanda Taliban təhlükəsi ilə üz-üzə qalan soydaşlarımıza kömək edilməsini xahiş edir: “Soydaşlarımız, həmçinin, ölkəmizdə ana dilləri olan Azərbaycan türkcəsini, tarixi vətənləri olan Azərbaycanın tarixini və mədəniyyətini öyrənmək arzusundadırlar. Buna görə də, onlar üçün təqaüd proqramının təşkilinə ehtiyac var. Aldığımız məlumata görə Özbəkistan və Tacikistan özbək türklərini və tacikləri ölkədən çıxarıblar. Azərbaycan türkləri isə hələ də Taliban təhlükəsi altında yaşamağa məhkum qalıb. Fikrimizcə, Azərbaycan dövləti soydaşlarımıza sahib çıxmalıdır”.