Son yeniləmə: 8 Aprel 2022 12:19
Bayraqdar.info – Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin Güney ətəyində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir. İşğaldan öncə kəndin 460 nəfər əhalisi var idi. Tütünçülük, heyvandarlıq kənd əhalisinin əsas məşğuliyyəti sayılırdı. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi. Kəndin indiki ərazisində Dəmirçidam kəndinin binəsi olmuşdur. 1905-ci ildə həmin kənddən Dəlikli, Məmmədli, Məhərrəmli, Feyzalılar adlı nəsillərə mənsub olan ailələr burada daimi məskən salmışdır. Kənd də Ağdaban dağının adı ilə əlaqədar olaraq belə adlandırılmışdı. Daban türk dillərində “dağ keçidi”, “aşırım” mənası daşıyır. Toponim “ağ rəngli aşırım”, “ağımtıl dağ keçidi” mənasındadır. Daban sözü geniş arealda yayılmışdır. Azərbaycanda (Ağdərə, Şərur rayonları) Ağdaban adlı dağlar da mövcuddur.
Ağdaban soyqırımı
1992-ci il aprel ayının 8-də səhərə yaxın erməni işğalçıları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Ermənilərin Ağdərə rayonunun Capar kəndi istiqamətindən Kəlbəcər rayonunun Çayqovuşan və Ağdaban kəndlərinə silahlı hücumu nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmış, 779 nəfər dinc sakininə amansız işgəncələr verilmişdir.
Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırım nəticəsində 39 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Onların arasında 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.
Ermənilər tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri dağıdılmış, talanmış və məhv edilmişdir. Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılmış və məhv edilmişdir.
Ağdaban faciəsi 1992-ci il aprel ayının 8-də baş verən, Azərbaycan tarixində törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın strateji əhəmiyyətli Kəlbəcər rayonunu ələ keçirmək üçün erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımı idi.
Ağdaban soyqırımı – bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərkin salınması yaddaşlardan heç vaxt silinəsi hadisə deyil. Qeyd etmək vacibdir ki, Agdaban soyqırımı Yuxarı Qrabağın bütünlüklə işgalından hələ əvvəl baş vermişdi. Bu hadisə onu göstərir ki, ermənilərin işğalçılıq siyasətinin təməlində təkcə Dağlıq Qarabağ deyil, uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün daha geniş ərazilərin işğalı dayanırdı.
Qeyd: Yazı Xocavənd rayon İcra Hakimiyyətinin saytına istinadla hazırlanıb.