Press "Enter" to skip to content

Deputat Brüssel görüşünü uğurlu və məhsuldar adlandırdı

Naqif Həmzəyev

Son yeniləmə: 7 Aprel 2022 11:35

Naqif Həmzəyev: Bu, Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin növbəti uğurudur

Bayraqdar.info – “Aprelin 6-da Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Öncə qeyd edim ki, bu, Şarl Mişelin təşəbbüsü ilə keçirilən ikinci belə görüş idi. Ümumilikdə bu görüşü bölgənin gələcəkdə sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addım kimi dəyərləndirmək olar”.

Bunu Brüssel görüşünü bayraqdar.info üçün dəyərləndirən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bu görüşdə əsas hədəf sülh anlaşmasının imzalanmasına və baza prinsipləri əsasında razılığın əldə edilməsinə nail olmaq idi: “Ş.Mişelin görüşdən sonra verdiyi bəyanatdan da açıq-aydın görünür ki, bu görüş çox uğurlu və məhsuldar olub. Yəni Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün ilkin razılıq əldə edilib. İki dövlət arasında sərhədin delimitasiya və demarkasiyasının vacibliyi ifadə edilib və bu xüsüsda cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb. Həmçinin görüş zamanı tərəflər arasında nəqliyyat və kommunikasiyaların açılması da müzakirə olunub. Brüsseldə baş tutan bu görüşü Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin növbəti uğuru kimi qiymətləndirmək lazımdır. Çünki görüşdən öncə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və Azərbaycan tərəfinin əsas götürdüyü 5 bəndlik baza prinsipi demək olar ki, Brüsseldə əsas müzakirə obyekti olub”.

“Bir sözlə, Brüssel görüşündə regionda daimi sülhün əldə edilməsi üçün vacib addım atılıb. Burada Aİ Şurası Prezidentinin də səylərini və bu prosesə verdiyi töhfəni xüsusi qeyd etməyi özümə borc bilirəm. İstənilən halda regionda daimi sülhün əldə olunması bütün tərəflərin xeyrinədir. Ən əsası isə Azərbaycanın qalib ölkə olmasına baxmayaraq daha çox şərtlər və tələblər irəli sürmədən regionda sülhü dəstəkləməsi dövlətimizin xoş məramını bir daha dünyaya nümayiş etdirir. Azərbaycanın bu mövqeyi həm Aİ-nin, həm də digər Qərb institutlarının dəstəklədiyi bir yanaşmadır. Bu da onu göstərir ki, həmişə sülhün və beynəlxalq hüququn tərəfdarı olan Azərbaycan bu gün də regionda davamlı sülhü dəstəkləyir. Azərbaycanın ən əsas istəyi sərhədlərin tanınması, kommunikasiyaların açılması və regionda uzunmüddəli sülhə nail olunamsıdır”, – deyə, müsahibimiz sonda əlavə edib.

Mission News Theme by Compete Themes.