Son yeniləmə: 7 Aprel 2022 18:30
Bayraqdar.info – AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti onlayn astroseminar keçirilib.
Bu barədə bayraqdar.info-ya Rəsədxanadan məlumat verilib. Bildirilib ki, seminarda AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının Səma cisimlərinin fotometriyası şöbəsinin elmi işçisi Ülvi Vəliyev “WTTS ulduzlarında ulduzətrafı diskin təkamül xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.
“Məruzəçi statistik əhəmiyyətli sayda Günəş kütləli cavan ulduzların altqrupu sayılan WTTS ulduzlarının spektral enerji paylanma (SEP) əyrilərinin təhlil nəticələrindən danışıb. O qeyd edib ki, proqrama seçilmiş 45 WTTS ulduzla yanaşı müqayisə üçün 3 klassik T Buğa ulduzu (CTTS) və standart ulduzlar da əlavə olunub. SEP əyriləri yerüstü və kosmik rəsədxanalar tərəfindən alınmış enlizolaqlı fotometrik ölçmələr əsasında 0.36-100 μm dalğa uzunluğu intervalında qurulub.
“İşdə göstərilib ki, alınan SEP əyriləri İQ şüalanma artıqlığının xarakterinə görə iki qrupa bölünür. I qrup ulduzlar yalnız λ≥12 mkm intervalında, II qrup ulduzlar isə həm də əlavə olaraq 2μm<λ<12μm intervalında İQ şüalanma artıqlığı göstərir. Ulduzların 24 faizdə ultrabənövşəyi şüalanma artıqlığı müşahidə olunub və belə ulduzların əksəriyyəti II qrupa aiddir. Bu fakta əsasən məlum olub ki, WTTS ulduzlarının bir qismi disk akkresiyası əlamətləri göstərir.
“Proqram ulduzlarının fiziki parametrləri, şüalanma artıqlığı parametrləri, kütlə və yaşları təyin edilərək, I qrup ulduzların yaşının II qrup ulduzlarınkına nisbətən bir tərtib çox olduğu müəyyən edilib. Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb”, – deyə məlumatda bildirilir.