Son yeniləmə: 7 Aprel 2022 10:47
Qan Donorları Assosiasiyasının 3 günlük təlimində donorluqla bağlı maraqlı müzakirələr aparılıb
Bayraqdar.info – Qırmızı Ürəklər (Red Hearts) Fondunun, Qan Donorları Assosiasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Fairmont Hotelin və Mərkəzi Qan Bankının birgə tərəfdaşlığı ilə aprelin 6-da Fairmont hotelində Gənc Qan Donorlarının III Ümumrespublika Forumunun rəsmi açılış mərasimi keçirilib.
“Forumun məqsədi Respublikada qan donorluğunun inkişafına dəstək, gələcək nəslin qorunması və eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir”, – deyə Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov bayraqdar.info-ya bildirib.
Onun sözlərinə görə, Forumda Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Yusif Poladov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarova, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, millət vəkili İlham Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış ediblər. Onlar Forumun əhəmiyyətindən, ölkə ictimaiyyətinin diqqətini bir daha adı çəkilən sahəyə yönəltməklə qan vermənin faydalarını daha geniş auditoriyaya çatdırılmasının vacibliyindən danışıblar.
“Forum çərçivəsində paytaxtdan və regionlardan seçilmiş 30 nəfər gənc “könüllü donor şəbəkəsinin” qurulması mövzusunda təşkil olunan 3 günlük təlimlərdə iştirak ediblər. Gənclər arasında yaradılan kommunikasiya və aldıqları təlimlər imkan yaradacaq ki, ölkədə qan donorluğu istiqamətində mobil könüllü qruplar olaraq fəaliyyət göstərsinlər”,- deyə F.Əsgərov bildirib.