Son yeniləmə: 7 Aprel 2022 15:01
Bayraqdar.info – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, hər iki ölkənin mədəniyyət nazirliklərinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı olub.
Mədəniyyət Nazirliyindən aprelin 7-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, əvvəlcə Azərbaycandan gələn qonaqlar Mədəniyyət Mərkəzinin qarşısında ulu öndər Heydər Əliyevin abidəsinin, habelə, Şəhidlər abidə kompleksinin qarşısına əklil və gül dəstələri qoyublar.
Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatları – Qənirə Paşayeva, parlamentdə “Azərbaycan-Özbəkistan” Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, tanınmış alimlər, ictimaiyyət nümayəndələri daxildir.
“Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov onlara rəhbərlik etdiyi qurumun fəaliyyəti, Mərkəzdə fəaliyyət göstərən kurs və dərnəklər haqqında məlumat verib, habelə onları mərkəzdəki Heydər Əliyev Muzeyi, Özbəkistan-Azərbaycan Dostluq Muzeyi və Azərbaycan Dövlətçiliyi Tarixi Muzeyi ilə tanış edib.
“Mədəniyyət günlərinin ilk tədbiri olaraq Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan fondunun açılışı olub.
“Milli Kitabxananın direktoru Umida Teşabayeva Azərbaycanla əlaqələr, AMM ilə birgə layihələr və əməkdaşlıqdan danışıb. Direktor bildirib ki, AMM və Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə son zamanlar Azərbaycana dair Özbəkistan kitabxanalarına çoxsaylı nəşrlər hədiyyə olunub.
“AMM-nin direktoru S.Abbasov Özbəkistanda təşkil edilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Daşkənd və Termez şəhərlərində çoxsaylı tədbirlərin planlaşdırılıdığını, kitabxanalarda Azərbaycan fondlarının və ocaqlarının açılışı, kitab təqdimatları, sənətçilərimizin iştirakı ilə dostluq konsertləri, moda sərgiləri, habelə çoxsaylı ikitərəfli görüşlərin nəzərdə tutulduğunu bildirib.
“Özbəkistan Ali Məclisinin deputatı, şair və tərcüməçi Gülbahar Saidqaniyeva iki ölkə arasında mədəni əlaqələrin bu qədər dinamik inkişafından sevinc və fərəh hissi keçirdiyini, Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı sistemli iş nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edən əməkdaşlıq platformasının qurulduğunu söyləyib.
“Sonra Özbəkistandakı H.Əliyev adına AMM ilə Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
“Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görən “Azərbaycan və özbək atalar sözləri” ikidilli nəşrin təqdimatı keçirilib. Təqdimat mərasimində azərbaycanlı və özbək alimlər çıxış ediblər”, – deyə xəbərdə bildirilir.