Son yeniləmə: 7 Aprel 2022 18:33
Bayraqdar.info – İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müəssisəsinə yerləşdirilən repatriantları ziyarət edib.
Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan hökuməti tərəfindən martın 31-də İraq və Suriyadan ölkəmizə repatriasiya edilmiş qadın və uşaqlardan ibarət daha 7 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsində zəruri qayğı xidmətləri ilə təmin olunur: “Onların sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi aparılır və nəticəyə uyğun olaraq hər bir repatriantla bağlı sosial-reabilitasiyayönümlü fərdi inkişaf planları həyata keçiriləcək və həmin şəxslər öz mənşə ailələrinə verildikdən sonra da davam etdiriləcək”.
Qeyd olunub ki, S.Əliyeva daha sonra Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzini ziyarət edib: “Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov mərkəzin fəaliyyət istiqamətləri barədə Ombudsmana məlumat verərək bildirilib ki, Peşə-əmək Reabilitasiya Mərkəzində 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşpaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur”.
Ombudsman həmçinin boccia üzrə milli komanda üzvlərinin təlim-məşq prosesi keçməsi üçün yaradılan şəraitlə də tanış olub: “Boccia İdman Federasiyasının göndərişi əsasında agentliyin bu mərkəzində boccia üzrə milli komandanın tərkibində çıxış edən idmançıların məşq etməsi üçün hər cür şərait yaradılıb”.
Məlumatda daha sonra bildirilib: “Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinin Xaçmaz rayonunda filialının, eləcə də agentliyin 10 müəssisəsində sosial reabilitasiya kabinetlərinin yaradılacağı da qeyd edilib. Həmin kabinetlərdə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə 20-dək terapiya (musiqi, rəqs, əmək, film, landşaft, səhnə-nağıl, məişət və s.) növü vasitəsilə iş aparılacağı diqqətə çatdırılıb”.